Məhkəmə qərarları › İş №e-2(111)-55/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-55/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-55/2024 26.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 nömrəli “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”nə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 1085.40 (min səksən beş manat qırx qəpik) manat məbləğində əsas borc, 90.12 (doxsan manat on iki qəpik) manat məbləğində faiz borcu, 54.05 ( əlli dörd manat beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1229.57 ( min iki yüz iyirmi doqquz manat əlli yeddi qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 32.30 (otuz iki manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 №-li “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi” ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 26 (iyirmi altı faiz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1497 (min dörd yüz doxsan yeddi manat) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2023-cü il tarixə 1085.40 (min səksən beş manat qırx qəpik) manat məbləğində əsas borc, 90.12 (doxsan manat on iki qəpik) manat məbləğində faiz borcu, 54.05 (əlli dörd manat beş qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 1229.57 (min iki yüz iyirmi doqquz manat əlli yeddi qəpik) məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan:- ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 №-li Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinin məzmunundan görünür ki, Cavabdeh nağd kredit verilməsi üçün ərizə ilə banka müraciət etmiş, bu müraciət bank tərəfindən qəbul edilmiş və borc alana illik 26% hesablanmaqla 36 ay müddətinə 1497 manat məbləğində nağd kredit verilmişdir. ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 60.38 manat, son ödəmə tarixi olan xx.xx.2025-ci ildə isə 58.46 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X2 Şərtləri”nin 11.1.3 və 11.1.4-cü maddələrinə əsasən müqavilə üzrə ödəniş cədvəli ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 (iki) aydan artıq gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, müqavilə ilə müəyyənləşdirilən vəzifələrdən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 №-li “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi”ndən görünür ki gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. xx.xx.2022-ci il ********* nömrəli tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh komissiya haqqı çıxılmaqla 1474.55 manat məbləğində pul verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 nömrəli müqavilə üzrə banka 1085.40 manat əsas, 90.12 manat faiz, 54.05 manat cərimə olmaqla ümumilikdə 1229.57 manat borcu vardır və xx.xx.2023-cü il tarixdən öhdəliyini icra etmir. xx.xx.2023-cü il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən Mahmudov X1 rayon Şahtaxtı kəndində qeydiyyatdadır. 15 dekabr 2023-cü il tarixli, 6782P nömrəli pretenziya məktubundan görünür ki, cavabdehə banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən ASC tərəfindən 32.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin, əsas borca hesablanmış faiz və cərimənin tam məbləğini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 nömrəli kredit müqaviləsinə əsasən 1085.40 manat əsas, 90.12 manat faiz, 54.05 manat cərimə olmaqla ümumilikdə 1229.57 manat borc tutularaq ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32.30 manat dövlət rüsumu da cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 349814-CNS-37200 nömrəli kredit müqaviləsinə əsasən 1085.40 manat əsas, 90.12 manat faiz, 54.05 manat cərimə, cəmi 1229.57 manat məbləğində borc və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32.30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1261.87 (min iki yüz altmış bir manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti ASC-nin xeyrinə tutulsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar