Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-59/2024 26.02.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3160.88 manat məbləğində əsas kredit borcu, 21.54 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 3.25 manat cərimə borcu olmaqla cəmi 3185.67 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 51.86 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli sms razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış əsas kredit razılaşmasının şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Əsas kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 3160.88 manat məbləğində əsas kredit borcu, 21.54 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 3.25 manat cərimə borcu olmaqla, cəmi 3185.67 manat məbləğində borcu qalmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşmasının 1.1ci bəndinə əsasən kreditverən borcalana 50000 (əlli min) manat məbləğində 120 (yüz iyirmi) ay müddətinə xx.xx.2032-ci il tarixədək kredit limiti ayrır və kredit limiti çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşmasının 4.1.1-ci bəndinə əsasən, 3 (üç) iş günü ərzində “Borcalan” ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iqtidarında olmadıqda, borcalanın ımlak vəziyyətində bu əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazarın mövcud vəziyyəti borcalanın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda kreditverən bu əsas kredit limiti razılaşmasına birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə qaytarılmasını tələb edə bilər. xx.xx.2022-ci il tarixli sms bildirişindən görünür ki, İddiaçı ASC 36 ay müddətinə illik 16 faiz dərəcəsi 50 AZN komissiya ilə 5000 AZN kredit təklif edir. Aylıq ödəniş 175.96 AZN olmaqla hər ayın 6-dək ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh bu təklifi qəbul etmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə verilmiş hesabdan çıxarışa əsasən 5000 manat kredit verilmiş və 50 manat xidmət haqqı tutulmaqla 4950 manat cavabdehin kredit kartına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli 1292 nömrəli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 3160.88 manat əsas, 21.54 manat faiz, 3.25 manat cərimə borcu olmaqla cəmi 3185.67 manat borcu vardır. xx.xx.2023-ci il tarixli 1224 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən 51.86 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:- 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixə verilmiş hesabdan çıxarışa əsasən cəmi 2790 manat ödəniş etmişdir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olundu ki borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşması ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-nə ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq da iş üzrə İddiaçı ASC-nin müqavilə üzrə cavabdehdən əsas borcun, kreditdən istifadəyə görə faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. İddiaçının 3160.88 manat əsas və 21.54 manat faiz borcu tələbi işin araşdırılan halları və təqdim edilmiş sənədlərlə öz təsdiqini tapdığından təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehdən 3.25 manat cərimə tələbinə münasibət bildirərək hesab edir ki, iddiaçı cərimənin hesablanıb tutulmasını nəzərdə tutsa da, cərimənin yaranmasını, hesablanma qaydasını əsaslandıra bilməmiş və bunlara dair məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 3.25 manat məbləğində cərimə borcu tələbi təmin olunmamalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən borcu əks etdirən maliyyə arayışını və hesabdan çıxarışı əsas götürərək təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 3160.88 manat əsas borc və 21.54 manat faiz borcu olmaqla cəmi 3182.42 manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51.86 manat dövlət rüsumunun 51.80 manatlıq hissəsi cavabdehə aid edilərək iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 45040***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən 3160.88 manat əsas və 21.54 manat faiz borcu olmaqla cəmi 3182.42 manat və iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51.86 manat dövlət rüsumunun 51.80 manat hissəsi olmaqla ümumilikdə 3234.22 (üç min iki yüz otuz dörd manat, iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-59/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-59/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver