Məhkəmə qərarları › İş №e-2(111)-69/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-69/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-69/2022 18.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 3532.34 manat məbləğində əsas borcun, 112.79 manat məbləğində faiz borcunun, cəmi 3645.13 manat borcun və 57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 15.02.2020-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 30 ay müddətinə, illik 31% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli” nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə, bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Mülki işin hazırlığı zamanı İddiaçı ASC “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 14.03.2022-ci il tarixdə iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə göndərərək hal-hazırda Cavabdeh1 İddiaçı ASC-yə 3192.75 manat əsas, 68.75 manat faiz borcu olduğundan Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15.02.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, İddiaçı ASC-nin xeyrinə 3192.75 manat əsas, 68.75 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə icraata qəbul olunmuş və işə dəqiqləşdirilmiş iddia tələbi üzrə baxılmışdır. Məhkəmə baxışı zamanı isə İddiaçı ASC tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 14.04.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin (iddia tələbinin faiz borcunun artırılması hissəsində) dəqiqləşdirilməsi barədə ərizə, hesabdan çıxarış və maliyyə arayışı göndərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 15.02.2020-ci il tarixli, MK/88727/73/28 nömrəli müqavilənin ləğv edilməsi, İddiaçı ASC-nin xeyrinə 3192.75 manat əsas, 151.25 manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, həmin sənədlər məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Çünki qanunvericiliyin tələbinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi X3 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi məlumatda iş üzrə məhkəmə baxışı iclaslarını iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına cavabdehlərin gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 15 fevral 2020-ci il tarixli, MK/88727/73/28 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə illik 31% hesablanmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş və Cavabdeh2 ona zamin durmuşdur. 23.08.2014-cü ildə təsdiq edilmiş “İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin 7.4.1-ci və 7.4.4-cü bəndlərinə əsasən müştəri müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın ilk tələbi ilə zamin öhdəliyi dərhal icra edir, zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləği, borcun tutulması üzrə məhkəmə xərcləri və müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla bank qarşısında müştəri ilə eyni həcmdə məsuliyyət daşıyır. 15 fevral 2020-ci il tarixli, MK/88727/73/28 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 01 iyun 2020-ci il tarixli razılaşmanın 1-ci bəndindən görünür ki, kredit müddəti 15.02.2022-ci il tarixindən etibarən 6 ay müddətinə uzadılmış və bu müddət ərzində kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilmişdir. 23.08.2014-cü ildə təsdiq edilmiş “İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri”nin 7.1.2-ci bəndinin a yarımbəndinə əsasən kredit alan aylıq ödənişləri ödəniş cədvəlinə uyğun olaraq vaxtında və lazımınca icra etmədikdə bank kreditin qalıq məbləğinin və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. 15 fevral 2020-ci il tarixli, MK/88727/73/28 nömrəli kredit müqaviləsi üzrə 01.06.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən Cavabdeh1 15.03.2020-ci il tarixdən 15.05.2020-ci il tarixədək 0 manat, 16.06.2020-ci il tarixdə 164.8 manat, 15.07.2020-ci il tarixdə 156.19 manat, 15.08.2020-ci il tarixdə 160.49 manat, 15.09.2020-ci il tarixdən 15.07.2022-ci il tarixədək 282.14 manat, son ödəmə tarixi olan 15.08.2022-ci ildə isə 673.78 manat ödəməyi öhdəsinə götürmüşdür. 23.11.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, bank tərəfindən Cavabdeh1 3 gün müddətində borcunun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı və bağlanmış müqavilənin ləğv ediləcəyi barədə məlumatlandırılmışdır. 15.02.2020-ci il tarixli, 3003 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 5000 manat ödəmə edilmişdir. 05.01.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 15 fevral 2020-ci il tarixli, müqavilə üzrə Cavabdeh1 banka 3532.34 manat əsas, 112.79 manat məbləğində faiz borcu vardır. 14.03.2022-ci il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, 19.02.2022-ci il tarixində Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə 650 manat məbləğində ödəniş edilmişdir. Bank tərəfindən həmin ödənişin 57.4 manatı məhkəmə xərclərinə, 253.01 manatı faiz borcuna, 339.59 manatı isə əsas borca çıxılmışdır. 21.12.2021-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən İddiaçı ASC tərəfindən 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli arayışa əsasən cavabdeh Məmmədov X2 rayon Çalxanqala kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxslər hazırki iş üzrə Cavabdeh1 15 fevral 2020-ci il tarixli, MK/88727/73/28 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC - nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından İddiaçı ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 14.03.2022-ci il tarixli iddia tələbinin azaldılması barədə ərizəni, hesabdan çıxarış məlumatlarını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 fevral 2020ci il tarixli, MK/88727/73/28 nömrəli kredit müqaviləsi üzrə 3192.75 manat məbləğində əsas borc, 68.75 manat məbləğində faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, 14.03.2022-ci il tarixli hesabdan çıxarış məlumatlarına əsasən 19.02.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə 650 manat məbləğində edilmiş ödənişdən 57.4 manatı bank tərəfindən məhkəmə xərclərinə çıxıldığından iddiaçı tərəfindən ödənilmiş 57 manat məbləğində dövlət rüsumu cavabdehlərdən təkrarən tutulmamalıdır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 15 fevral 2020-ci il tarixli, MK/88727/73/28 nömrəli kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin kredit müqaviləsindən yaranmış 3192.75 manat məbləğində əsas borc, 68.75 manat məbləğində faiz borcu olmaqla cəmi 3261.5 (üç min iki yüz altmış bir manat, 50 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar