Məhkəmə qərarları › İş №e-2(111)-79/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-79/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-79/2022 23.02.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 23 fevral 2022-ci ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Kəngərli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə 2273.48 (iki min iki yüz yetmiş üç manat, qırx səkkiz qəpik) manat əsas və 352.11 (üç yüz əlli iki manat, on bir qəpik) manat miqdarında faiz borcu olmaqla, ümumilikdə 2625.59 (iki min altı yüz iyirmi beş manat, əlli doqquz qəpik) manat borcun və 46.26 (qırx altı manat, iyirmi altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi məhkəməyə daxil olmuş iddia ərizəsini qanunvericiliyin yuxarıda qeyd edilən şərtləri daxilində yoxlayan zaman aydın olur ki, iddia ərizəsi prosessual qaydalara əməl edilməklə tərtib edilməyib. Belə ki, "Elektron Məhkəmə" informasiya sistemində ərizəni imzalayan şəxs haqqında məlumat bölməsində iddia ərizəsinin kim tərəfindən imzalanması qeyd edilməmiş, sadəcə iddiaçı hüquqi şəxsin adı qeyd edilməklə kifayətlənmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4 və 1.1.6-cı maddələri ilə müəyyən edilir ki, elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Həmçinin həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə əsaslanmaqla məhkəmə qeyd edir ki, hüquqi şəxs fiziki baxımdan imza ilə hər hansı prosessual sənədi imzalamaq iqtidarına malik deyildir. Bunu o, özünü təmsil etmək səlahiyyətinə malik olan şəxslər vasitəsi ilə həyata keçirir. Qeyd edilənləri nəzərə alan məhkəmə belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. 284-3.3-cü maddəsinin tələbinə görə ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1 və 114.1.3-cü maddələrində həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulmuşdur. Beləliklə qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.5, 152.1.2 və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində dövlət rüsumunun miqdarını 46.26 manat göstərsə də, iş materiallarına əlavə olunmuş 22 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 45.86 manat dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən də, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 22 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 45.86 (qırx beş manat, səksən altı qəpik) manat dövlət rüsumu da ona geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından iddia ərizəsi və ona əlavə edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 22 yanvar 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödədiyi 45.86 (qırx beş manat, səksən altı qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar