Məhkəmə qərarları › İş №e-2(111)-82/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-82/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-82/2022 27.04.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 09 aprel 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən 28.02.2022-ci il tarixə olan 494.78 (dörd yüz doxsan dörd manat, 78 qəpik) manat gecikdirilmiş faiz borcu, 1554.31 (bir min beş yüz əlli dörd dörd manat, 31 qəpik) manat gecikdirilmiş əsas borc, 64.26 (altmış dörd manat, 26 qəpik) manat faiz borcu, 8480.03 (səkkiz min dörd yüz səksən manat, 03 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10593.08 (on min beş yüz doxsan üç manat, 08 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 121.78 (yüz iyirmi bir manat, 78 qəpik) manat dövlət rüsumunun birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "Naxçıvanbank” ASC-nin Kəngərli rayon filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 11000 (on bir min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 09 aprel 2021-ci il tarixli, İK 1003402/22399 saylı və Cavabdeh3 iştirak etdiyi üçtərəfli 09 aprel 2021-ci il tarixli, İK 1003402/22398 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 28.02.2022-ci il tarixə kredit reyestrində Cavabdeh2 adına 166 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən tərəfimizdən borcalanla, zaminlərlə dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zaminlərə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh2 onunla bağlanmış 09 aprel 2021-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən 28.02.2022-ci il tarixə 494.78 (dörd yüz doxsan dörd manat, 78 qəpik) manat gecikdirilmiş faiz borcu, 1554.31 (bir min beş yüz əlli dörd dörd manat, 31 qəpik) manat gecikdirilmiş əsas borc, 64.26 (altmış dörd manat, 26 qəpik) manat faiz borcu, 8480.03 (səkkiz min dörd yüz səksən manat, 03 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 10593.08 (on min beş yüz doxsan üç manat, 08 qəpik) manat kredit borcu öhdəliyi vardır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə 26.04.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək texniki səhvlik nəticəsində tələb olunan ümumi kredit məbləğinin 10593.38 manat əvəzinə 10593.08 manat kimi qeyd olunduğunu, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əsasən 28.02.2022-ci il tarixə olan 494.78 manat gecikdirilmiş faiz borcu, 1554.31 manat gecikdirilmiş əsas borc, 64.26 manat faiz borcu, 8480.03 manat əsas borc, ümumilikdə 10593.38 manat borc və 121.78 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh3 gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırkı işdə toplanmış sənədlərə əsasən Cavabdeh3 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh2 izahatında 09.04.2021-ci il tarixdə "xxxx" ASC-dən illik 17% olamaqla, 36 ay müddətinə 11000 manat məbləğində kredit götürdüyünü, ilk vaxtlarda krediti vaxtı-vaxtında ödədiyini, lakin sonradan ailəvi, bəzi iş problemlərinə və başqa banklara kredit borcuna görə krediti ödəyə bilmədiyini, iddia ərizəsində göstərilən məbləğlə razı olduğunu göstərərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh1 izahatında iddia tələbi ilə razı olduğunu göstərərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin Kəngərli filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 36 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. 09 aprel 2021-ci il tarixli, İK 1003402/22398 nömrəli və 09 aprel 2021-ci il tarixli, İK 1003402/22399 nömrəli zaminlik müqavilələrindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh3 və Cavabdeh1 ilə "xxxx" ASC arasında zaminlik müqavilələri bağlanmış, zaminlər borcalan Cavabdeh2 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinin 5.2-ci bəndinin “a” yarımbəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 12.05.2021-ci il tarixdən başlayaraq hə ay 392.18 manat, son ödəmə tarixi 12.04.2024-cü ildə isə 392.20 manat ödəməyi öhdəsinə götürmüşdür. 26.04.2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərilmiş 28.02.2022-ci il tarixli, 41 nömrəli maliyyə arayışına əsasən Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli müqavilə üzrə Cavabdeh2 banka 10034.34 manat əsas, 559.04 manat faiz, ümumilikdə 10593.38 manat borcu vardır. 25 oktyabr 2021-ci il tarixli, 93/001 nömrəli və 25 oktyabr 2021-ci il tarixli, 95/001 nömrəli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 28.02.2022-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 121.78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxslər hazırki iş üzrə Cavabdeh2 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və eləcə də Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında bağlanmış 09 aprel 2021-ci il tarixli, İK 1003402/22398 nömrəli və 09 aprel 2021ci il tarixli, İK 1003402/22399 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən 28.02.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 10034.34 manat əsas, 559.04 manat faiz, ümumilikdə 10593.38 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121.78 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 09 aprel 2021-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə 28.02.2022-ci il tarixə olan 494.78 manat gecikdirilmiş faiz borcu, 1554.31 manat gecikdirilmiş əsas borc, 64.26 manat faiz borcu, 8480.03 manat əsas borc, ümumilikdə 10593.38 manat borc və 121.78 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 10715.16 (on min yeddi yüz on beş manat, 16 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar