Məhkəmə qərarları › İş №e-2(111)-84/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №e-2(111)-84/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № e-2(111)-84/2023 15.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı ASC 14 fevral 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 300.76 manat əsas, 94.70 manat faiz, cəmi 395.46 manat borcun, həmçinin ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və iddiaçı mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284- 1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən məhkəmə işə həmin icraat qaydasında baxmışdır. İddiaçı ASC-nin nümayəndəsi 15 mart 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət etdiyini, İddiaçı ASC ilə cavabdeh arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyini göstərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə hüquqi münasibət bildirən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-6.1-ci maddəsi ilə müəyyən olunur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Bu vəziyyətdə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin -“barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.2-ci maddəsinin -“əvvəlcə qanunun analogiyasından istifadə olunur, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir” normalarını rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Məhkəmənin mövqeyinə görə iddiaçının ərizəsi icraata qəbul edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərizənin baxılmamış saxlanmasını tənzimləyən hüquq normaları hazırki vəziyyətdə tətbiq edilə bilər. İddiaçının ərizəsinin geri qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Lakin bununla bərabər mülki prosessual qanunvericilikdə qeyd olunur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddə 52.5). İddiaçının nümayəndəsinin məhkəmənin ünvanına göndərdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və İddiaçı ASC-nin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Kəngərli Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin "xxxx" ASC-yə geri qaytarılmasına zərurət yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 10 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 10 fevral 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar