Məhkəmə qərarları › İş №e-2(111)-85/2023

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-85/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-85/2023 17.03.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iddiaçı "Azər-Türk Bank” ASC-nin xeyrinə 291.43 manat əsas, 73.97 manat faiz, cəmi 365.40 manat borcun, həmçinin ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2020-ci il tarixli 1031188/20240 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-ci il tarixinə əsas borcu 291.43 manat, faiz borcu 73.97 manat, cəmi 365.40 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehlərə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmadığından məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan:- "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 23% hesablanmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli FJB**********045 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə Cavabdeh1 4950 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək 261.87 manat, son ödəmə tarixi olan xx.xx.2022-ci ildə isə 261.74 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 1031188/20240 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh2 ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmış, zamin borcalan Cavabdeh1 bank qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirənədək “Borcalan”la birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə Cavabdeh1 banka 291.43 manat əsas, 73.97 manat faiz, cəmi 365.40 manat borcu vardır. 05 oktyabr 2022-ci il tarixli, 6-3/0/08-4645 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1031188/20240 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından iddiaçı "xxxx" ASC-nin cavabdehlərdən müştərək qaydada əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən 291.43 manat əsas, 73.97 manat faiz, cəmi 365.40 manat borc məbləği tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı da cavabdehlərə aid edilərək iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsindən yaranmış 291.43 manat əsas, 73.97 manat faiz, cəmi 365.40 manat borcun, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, ümumilikdə 395.80 (üç yüz doxsan beş manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar