Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-95/2024 09.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “X1 Azərbaycan" QSC) Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 94.35 manat məbləğində maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2014-cü il tarixli bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli e-2(111)- 9/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 629 manat məbləğindəki vəsait "xxxx" MMC -nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 94.35 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X1 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 94.35 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş və cavabdehə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilərək bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş:- “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”yə əsasən Cavabdeh üçün 600 manatlıq kredit xətti açılmışdır. Kəngərli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(111)-9/2021 saylı qətnaməsi ilə borclu Cavabdeh 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 658.15 manat borcun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC ilə "X1 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilənin surətinə əsasən büronun müqavilə üzrə istifadə olunan kreditlərdən yaranan borclarının alınması üçün göstəriləcəyi hüququ xidmətlərin əvəzində bank bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 13 nömrəli təhvil aktından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 629 manat ödəniş həyata keçirilmiş, buna görə də "xxxx" MMC tərəfindən həmin məbləğin 15 faizi məbləğində, yəni 94.35 manat xidmət haqqı hesablanmışdır. xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq borclu tərəfindən təmin edilmiş pul vəsaitinə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 94.35 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh yaranmış borcla bağlı 5 gün ərzində ödəniş edilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi səbəbindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdehdən kredit müqaviləsi üzrə qalıq borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin iddiaçı ilə "xxxx" MMC arasında “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC iddiaçıya məhkəmə qətnaməsi ilə tutulmuş pulun alınmasını, cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Hazırda iddiaçı "xxxx" MMC-yə görülmüş xidmətin əvəzi olaraq ödənilmiş pulun cavabdehdən tutularaq ona ödənilməsi xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan akt olmaqla onu çıxarmış məhkəmə tərəfindən icraya yönəldilir və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra məmuru tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq "xxxx" MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" QSC-nin Cavabdeh 94.35 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-95/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-95/2024
09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver