Məhkəmə qərarları › İş №e-2(111)-98/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-98/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-98/2022 16.06.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2267.96 manat, faiz borcu üzrə 25.39 manat olmaqla, cəmi 2293.32 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 42.94 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı borc alanın borc verən qarşısında mövcud olan 3000 manat məbləğində qalıq kredit borcunun ödənilməsidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 2267.96 manat, faiz borcu üzrə 25.36 manat olmaqla, cəmi 2293.32 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə Cavabdeh xx.xx.2022-ci il tarixli 22-3331/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. İş sadələşdirilmiş icraat qaydasında baxılması üçün xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə işlə bağlı etiraz təqdim edərək iddiaçı tərəfindən tələb edilən məbləğin şişirdilmiş olduğunu göstərmişdir. Tərəflər arasında mübahisə olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.5.4-cü maddəsinə əsasən iş Kəngərli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(111)-98/2022 nömrəli qərardadı ilə iddia icraatına keçirilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edildikdən sonra Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 150 manat ödəniş edildiyini, həmin ödənişin məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarış məlumatlarında da öz əksini tapdığını göstərərək qətnamə çıxarılarkən cavabdeh tərəfindən edilmiş 150 manat ödənişin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə göndərdiyi ərizədə mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və tələbin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən onların iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə, illik 20% ödəmək şərti ilə 3000 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə Cavabdeh 1% bank komissiyası tutulmaqla 2970 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf digər tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinin 3.9 və 3.9.7-ci bəndlərinə əsasən borcalan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və ya fazilərin ödənilməsi həyata keçirilmədikdə, müvafiq ödənişlər 3 ardıcıl ay ərzində 2 dəfə kecikdirildikdə borc verən kreditin qalıq məbləğini vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borcalandan tələb edə bilər. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək 111.5 manat, son ödəmə tarixi olan xx.xx.2023-cü ildə isə 111.12 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli müqavilə üzrə Cavabdeh banka 2267.96 manat əsas, 25.36 manat faiz, ümumilikdə 2293.32 manat borcu vardır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə 27 may 2022-ci il tarixli hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi üzrə 150 manat ödəniş edilmişdir. 04 mart 2022-ci il tarixli, 22-3331/2022 nömrəli bildirişdən görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 42.94 manat məbləğində dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, borclu şəxs hazırki iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASC-nə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2022-ci il tarixli hesabdan çıxarış məlumatlarını, cavabdehin xx.xx.2022-ci il tarixdə 150 manat ödəniş etməsi barədə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş ərizəni, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərini əsas götürüb hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsi üzrə 2117.96 manat əsas, 25.36 manat faiz, ümumilikdə 2143.32 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə isə rədd edilməlidir. Məhkəmə iş üzrə məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə ödənilmiş 42.94 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olan 39.71 manatlıq hissəsi və 0.40 qəpik xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 3,23 manat hissəsi isə özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********33 nömrəli kredit müqaviləsinə əsasən 2117.96 manat əsas borc, 25.36 manat faiz borcu, ümumilikdə 2143.32 manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 39.71 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı olmaqla cəmi 2183.43 (iki min yüz səksən üç manat, 43 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 3,23 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar