Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № e-2(111)-98/2024 23.05.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanəliyeva Günel Bayram qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27 aprel 2022-ci il tarixli İK1011977 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 5372.11 manat əsas borc, 372.80 manat faiz borcu olmaqla ümumilikdə 5744.91 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 77.44 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər filialı tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 27 aprel 2022-ci il tarixli İK1011977 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 48 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğunu nəzərə alaraq mülki iş üzrə məhkəmə iclasını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, bankın nümayəndəsinin isə məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş:- "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli İK1011977 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən borc alana illik 17% hesablanmaqla, 48 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 731 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 6500 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli İK1011977 nömrəli kredit müqaviləsinin 5.2-ci bəndinin “a” yarımbəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 27 aprel 2022-ci il tarixli İK1011977 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 187.56 manat, son ödəmə tarixi olan xx.xx.2026-cı ildə isə 187.38 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 27 aprel 2022-ci il tarixli İK1011977 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən Cavabdeh həmin tarixə əsas borc üzrə cəmi 1127.89 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli 65 nömrəli maliyyə arayışına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 aprel 2022-ci il tarixli İK1011977 nömrəli müqavilə üzrə həmin tarixə onun banka 5372.11 manat əsas borc, 372.80 manat faiz borcu olmaqla ümumilikdə 5744.91 manat borcu vardır. 05 fevral 2024-cü il tarixli 04/274 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzlərinə əsasən məhkəməyə ərizə verilərkən "xxxx" ASC tərəfindən 75.27 manat və 2.17 manat olmaqla cəmi 77.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə təqdim edilmiş materiallarından aydın olur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borclu şəxs hazırkı iş üzrə Cavabdeh 27 aprel 2022-ci il tarixli İK1011977 nömrəli kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, "xxxx" ASCnə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulmuş vaxtlarda ödəməmiş, müqavilə üzrə əsas borcdan xx.xx.2024-cü il tarixə 3938.76 manat ödəməli olduğu halda, kredit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən əsas borc üzrə cəmi 1127.89 manat ödəniş etmiş, bununla da "xxxx" ASC-yə iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə 5372.11 manat əsas borc, 372.80 manat faiz borcu olmaqla ümumilikdə 5744.91 manat borcu yaranmışdır. Bu səbəbdən də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehdən əsas borcun ödənilməmiş hissəsinin və kreditdən istifadəyə görə faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müvafiq olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını və kredit müqaviləsi üzrə hesabdan çıxarışı əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 27 aprel 2022-ci il tarixli İK1011977 nömrəli kredit müqaviləsi üzrə 5372.11 manat əsas borc, 372.80 manat faiz borcu olmaqla ümumilikdə 5744.91 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 77.44 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 27 aprel 2022-ci il tarixli İK1011977 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 5372.11 manat əsas borc, 372.80 manat faiz borcu olmaqla ümumilikdə 5744.91 manat borc və 77.44 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi 5822.35 (beş min səkkiz yüz iyirmi iki manat, otuz beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №e-2(111)-98/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(111)-98/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver