Məhkəmə qərarları › İş №e-2(125)-1022/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1022/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1022/2025 07.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, BBUM0158166B299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 445,4 manat, faiz borcu üzrə 89,75 manat, xx.xx.2023-cü il tarixli, BUMM1471526B299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1487,14 manat, faiz borcu üzrə 302,01 manat22 pul vəsaitinin və 43,24 manat dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BBUM0158166B299 nömrəli birbank umico kredit müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank borcalana şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmış, “Birkart Umico” ödəniş kartı vasitəsi ilə, 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə ödəmək şərtilə 500 manat məbləğində kredit cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmiş, borcalan isə həmin kredit xəttindən istifadə etmiş və krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə cavabdeh arasında bağlanmış elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM1471526B299 nömrəli kredit və hesab müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank borcalana müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti ayırmış, bank kreditin ödənilməsi və istifadəsi üçün borcalanın adına cari və müvafiq kredit hesabı açmış, 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə ödəmək şərtilə 2000 manat məbləğində kredit cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmiş, müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması üzərindən satıcı-partnyor şirkətlərin mal (əşya) və xidmətlərin alınması üçün istifadə edərək, yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, BBUM0158166B299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 445,4 manat, faiz borcu üzrə 89,75 manat, cəmi 535,15 manat borcu və xx.xx.2023-cü il tarixli, BUMM1471526B299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1487,14 manat, faiz borcu üzrə 302,01 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış yerləşdirilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iki kredit müqavilələri və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli müqavilələrin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Bank borcalana qeyd edilən məbləğlərdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BBUM0158166B299 nömrəli müqavilənin 4.2-ci maddəsinə əsasən bank müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, irəlidə qeyd edilənlər başa düşülür: bu müqavilənin qüvvədə olduğu müddət ərzində kredit tarixçəsinin pişləşməsi və s. Həmin müqavilənin 9.1.1-ci bəndinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda, Bank bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. xx.xx.2023-cü il tarixli, BUMM1471526B299 nömrəli müqavilənin 7.1 və 7.1.1-ci bəndlərinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin əsas məbləğlərini, ona hesablanmış faizləri və bu müqavilə üzrə digər borclar ilə birlikdə müştəridən vaxtından əvvəl geri tələb etmək (və ya onun digər bank hesablarında akseptsiz qaydada silmək) hüququna malikdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin Banka xx.xx.2023-cü il tarixli BBUM0158166B299 nömrəli kredit müqaviləsi üzrə 445,4 manat əsas, 89,75 manat faiz olmaqla, cəmi 535,15 manat borcu və xx.xx.2023-cü il tarixli BUMM1471526B299 nömrəli kredit müqaviləsi üzrə 1487,14 manat əsas, 302,01 manat faiz olmaqla, cəmi 2324,3 manat borcu yaranmışdır. Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli BBUM0158166B299 nömrəli və xx.xx.2023-cü il tarixli BUMM1471526B299 nömrəli kredit müqavilələri üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və gecikdirilmiş borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq iki kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqavilələrini birtərəfli qaydada ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqavilələrindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilələrin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, bankın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqavilələrindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka hər iki müqavilə üzrə borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, kredit müqavilələri birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, BBUM0158166B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 445,4 manat əsas borc və 89,75 manat faiz borcu olmaqla, cəmi 535,15 manat, xx.xx.2023-cü il tarixli, BUMM1471526B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1487,14 manat əsas borc və 302,01 manat faiz borcu olmaqla, cəmi 1789,15 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,24 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BBUM0158166B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 445,4 manat əsas borc və 89,75 manat faiz borcu olmaqla, cəmi 535,15 manat (beş yüz otuz beş manat on beş qəpik), xx.xx.2023-cü il tarixli BUMM1471526B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1487,14 manat əsas borc və 302,01 manat faiz borcu olmaqla, cəmi 1789,15 manat (bir min yeddi yüz səksən doqquz manat on beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,24 (qırx üç manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar