Məhkəmə qərarları › İş №e-2(125)-1059/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1059/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1059/2022 16.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi ilə, iddiaçı «X2» Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 02 mart 2021-ci il tarixli, 153 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.180 manat 42 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 120 manat 57 qəpik, cəmi 1.300 manat 99 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X2» Bakı filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 02 mart 2021ci il tarixli, 153 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.180 manat 42 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 120 manat 57 qəpik, cəmi 1.300 manat 99 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X2» Bakı filialı iddia ərizəsində göstərmişdir ki, «X2» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 02 mart 2021-ci il tarixli, 153 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19 faiz olmaqla18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X2» Bakı filialı ilə Cavabdeh2 arasında 234 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borclu ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq, hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 128 manat 57 qəpik ödəməli idi. Həmin müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank»ın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq, «Borcalan» 26 aprel 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 1.671 manat 41 qəpik ödəniş etməli idi. Lakin borcalan kredit borcunu tam ödəməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər gün üçün «Borcalan» «Banka» illik 29 faiz ödəməlidir. 26 aprel 2022-ci il tarixə cavabdehlərin iddiaçı Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 1.300 manat 99 qəpik təşkil edir. Həmin məbləğin 1.180 manat 42 qəpik əsas borc, 120 manat 57 qəpik hesablanmış və ödənilməmiş faiz borcudur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı qaydada müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, həmin şəxslər tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 02 mart 2021-ci il tarixli, 13 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.180 manat 42 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 120 manat 57 qəpik, cəmi 1.300 manat 99 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 26 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi A.K.Najafımarganmaskan mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məkhəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 mart 2021-ci il tarixli, 153 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «X2» Bakı filialı tərəfindən Cavabdeh1 illik 19 faiz hesablanmaqla 18 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. İşdə olan 02 mart 2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 02 mart 2021-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaitini «X2» Bakı filialından qəbul etmişdir. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli, 2022/522 nömrəli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 «X2» Bakı filialına 26 aprel 2022-ci il tarixə olan borcu əsas borc qismində 1.180 manat 42 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 120 manat 57 qəpik, cəmi 1.300 manat 99 qəpik təşkil edir. İşdə olan 02 mart 2021-ci il tarixli, 234 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işdə olan sübutlarla cavabdehlərin «X2» Bakı filialı ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş əsas borc qismində 1.180 manat 42 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində isə 120 manat 57 qəpik borcu yarandığı təsdiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 02 mart 2021-ci il tarixli, 153 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə əsas borc qismində 1.180 manat 42 qəpik, 26 aprel 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 120 manat 57 qəpik, cəmi 1.300 manat 99 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 01 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «X2» Bakı filialının iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 «X2» Bakı filialının xeyrinə 02 mart 2021-ci il tarixli, 153 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.180 (bir min bir yüz səksən) manat 42 (qırx iki) qəpik, 26 aprel 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 120 (bir yüz iyirmi) manat 57 (əlli yeddi) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 01 (bir) qəpik cəmi 1.332 (bir min üç yüz otuz iki) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar