Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-118/2024 19.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 16123,97 manat əsas borc, 919,05 manat faiz borcu, 666 manat dəbbə borcu, cəmi 17709,02 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 143,35 manat və 0,40 manat bank xidməti haqqı, həmçinin 75 manat ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh ilə bağlanan xx.xx.2019-cu il tarixli, RHMG-00014-06/19A nömrəli sonrakı ipoteka müqaviləsi əsasında, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə tutumanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun sonrakı ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması – iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 16536,70 manat əsas borc, 884,71 manat faiz borcu, 666 manat dəbbə borcu, cəmi 18087,41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 143,35 manat dövlət rüsumu və 0,40 manat, bank xidməti haqqı, həmçinin 75 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh ilə bağlanan xx.xx.2019-cu il tarixli, RHMG-00014- 06/19A nömrəli sonrakı ipoteka müqaviləsi əsasında, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə tutumanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun sonrakı ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-118/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə icraata iddia tələbinin mənzilin boşaldılması hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli RH00014-06/19A nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 54 (əlli dörd) ay müddətinə, illik 18 (on səkkiz) faiz ödəmək şərti ilə 26512 (iyirmi altı min beş yüz on iki) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə RHMG-00014-06/19A nömrəli sonrakı ipoteka müqaviləsi bağlamış və Cavabdeh məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 37, 31 nömrəli mənzil Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və sonrakı ipoteka müqaviləsinin 5.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş cavabdeh banka borcunu pandemiya ilə əlaqədar tam ödəyə bilmədiyini, bununla belə tələb edilən borcun düzgün hesablanmadığını qeyd etmiş, sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC (Bank) ilə Cavabdeh arasında bağlanmış RH-00014-06/19A nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank 26512 manat məbləğində krediti illik 18 faizlə 54 ay müddətinə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.10-cu və 2.10.1-ci bəndlərinə əsasən borcalan krediti və faizlərin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda borcverən müqaviləyə birtərəfli qaydada xitam verə və kreditin qalıq məbləğini vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Həmin müqavilənin 2.11-ci bəndinə görə borcalan bu müqavilənin 2.10.1-2.10.9-cu bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcudluğunu müəyyən etdikdən sonra borcalana kreditin, kreditdən istifadəyə görə bu müqavilənin müddəaları nəzərə alınmaqla hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair yazılı bildiriş göndərir və borcalan bu bildirişi aldıqdan sonra 5 (beş) təqvim günü müddətində tələb olunan məbləği borcverənə qaytarır. Müqavilənin 3.2-ci və 3.3.5-ci bəndlərinə görə öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsini və öhdəliyin icrasını borcalandan tələb etmək borcverənin hüququ, öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə tutulmuş dəbbə pulunu (cəriməni, penyanı) borcverənə ödəmək borcalanın vəzifəsidir. Həmin kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzili xx.xx.2019-cu il tarixli, RHMG-00014- 06/19A nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********65-05101-093007 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 64,4 kv.metr olan mənzil xx.xx.2019-cu il tarixli RH-00014-06/19A nömrəli kredit müqaviləsi üzrə 54 ay müddətinə, xx.xx.2019 - xx.xx.2024-cü il tarixədək Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs isə Cavabdeh olmuşdur. xx.xx.2019-cu il tarixli RH-00014-06/19A nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə görə borcalan 54 ay müddətinə xx.xx.2024cü il tarixinədək hər ay 779 manat, sonuncu ay isə 753,32 manat ödəməli idi. Ödəniş cədvəlinə görə gecikmənin 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə hesablanır. Cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcalana xx.xx.2019-cu il tarixli RH-00014-06/19A nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş, yaranmış borc məbləğinin 5 (beş) iş günü müddətində tam olaraq ödənilməsi və bu barədə banka məlumat verilməsi xahiş olunmuş, əks təqdirdə kredit müqaviləsiü zrə bütün məbləğin (əsas kredit qalığı, gecikmiş əsas kredit məbləği, gecikmiş faiz məbləği və cərimə faizinin cəmi) geri ödənilməsi məqsədilə kredit müqaviləsinin ləğv olunması, tələbin ipoteka predmetinə (ipoteka qoyulmuş qeyri-yaşayış sahəsinə tutma) yönəldilməsi, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ödənilməsi, ödəmədiyi təqdirdə qalan məbləğin cavabdehdən tutulması və qeyri-yaşayış sahəsinin boşaldılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış GNCF-2022/134 nömrəli, xx.xx.2023-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişlərdən görünür ki, öhdəliklər vaxtında icra edilmədiyindən cavabdehə xx.xx.2019-cu il tarixli RH- 00014-06/19A nömrəli kredit müqaviləsi üzrə borcun olduğu bildirilmiş, yaranmış borc məbləğinin 5 (beş) iş günü müddətində tam olaraq ödənilməsi xahiş olunmuş, borcun ödənilmədiyi halda, cavabdehə “Notariat haqqında” qanunun 76-cı və “İpoteka haqqında” qanunun 38-ci maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı, “İpoteka haqqında” qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi proseduruna başlanılacağı, bununla yanaşı iddiaçı ASC tərəfindən borc vaxtında ödənilmədiyi üçün kredit müqaviləsi üzrə bütün məbləğin (əsas borc, faiz və cərimənin) ödənilməsi məqsədilə tələbin ipoteka predmetinə yönəldilməsi, kredit borcunun ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış “bildirişin dövlət qeydiyyatına alınması haqqında” ərizədə kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilmədiyi, birtərəfli qaydada pozulduğu, ipoteka qoyana, yəni cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərildiyi bildirilərək “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmiş, bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ayrılıqda 60 manat və 15 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən cavabdehin xx.xx.2023-cü il tarixə banka olan əsas borc məbləği 16123,97 manat, ümumi faiz borcu 919,05 manat, dəbbə borcu 666 manat, cəmi borc 17709,02 manat təşkil edir. Cavabdeh məhkəməyə sübut qismində sözügedən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 831 manat, xx.xx.2021-ci il tarixdə 1662 manat, xx.xx.2019-cu il tarixdə 1270 manat, xx.xx.2019-cu il tarixdə 425 manat, xx.xx.2019-cu il tarixdə 371 manat, xx.xx.2020-ci il tarixdə 398 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2021ci il tarixdə 831 manat, xx.xx.2019-cu il tarixdə 59,70 manat, xx.xx.2020-ci il tarixdə 798 manat, xx.xx.2019-cu il tarixdə 1270 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 331 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 831 manat, xx.xx.2022-ci il tarixdə 135 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 310 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 300 manat ödənişlər etdiyini təsdiq edən çeklərin əslini və fotoşəkillərini təqdim etmişdir. Beləliklə, müqavilə üzrə cavabdehlər tərəfindən ödənişlər qismən aparılmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/6400 nömrəli, 06 sentyabr 2023-cü il tarixli rəyi ilə iş materiallarında olan cari hesabdan çıxarışa məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçı Bank "xxxx" ASC-yə olan borcu - əsas borc üzrə 16536,70 manat, faiz borcu üzrə 884,71 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP-009/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus mənzilin hazırkı bazar qiyməti 54000 manat, likvid qiyməti 45000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tələb olunan əsas və faiz borcunun ekspert rəyi ilə eynilik təşkil etməsini, eyni zamanda qanunvericiliyin ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını da nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissədə tam təmin edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar əsas və faiz borcunun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə hazırki iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etsə də məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını, başqa sözlə ekspert rəyindən fəqli məbləğdə əsas və faiz borcu olduğunu təsdiq edəcək heç bir sübut təqdim etməmişlər. Bundan başqa, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında olan müqavilədə dəbbə pulunun nəzərdə tutulması və cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin müqavilə üzrə 100 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Digər tərəfdən, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı müvafiq qiymətləndirilmə təyin edilmişdir. Mütəxəssis mülahisəzi ilə ipoteka predmetinin bazar qiymətinin 54000 manat, likvid qiymətinin 45000 manat olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mütəxəssis mülahizəsinin mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Belə ki, hər iki tərəf mütəxəssis mülahizəsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti (likvid dəyəri) müəyyən edilərkən mütəxəssis mülahizəsində qeyd edilənlər əsas götürülməlidir. Məhkəmə, iddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH- 00014-06/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, borcalan müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş, öhdəliyini pozmuş, bununla da müqaviləyə uyğun olaraq Bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə sözügedən kredit müqaviləsini və ona əlavə sazişi birtərəfli qaydada ləğv etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli kredit müqaviləsindən xx.xx.2023-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia qismən təmin edilərək sözügedən kredit müqaviləsinin artıq birtərəfli qaydada ləğv edilməsi tanınmalıdır. Bundan başqa, məhkəmə iddianın “sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən qalan borcun ümumi qaydada tutulması məsələsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra məmuru tərəfindən qətnamənin icrası mərhələsində həyata keçirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda iddia göstərilən hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun qaydada tərəflərə aid edilməli, eləcə də ekspertiza xərci və qiymətləndirmə xərcinə görə müvafiq olaraq 100 manat və 300 manat cavabdehə aid edilməlidir. Məhkəmə həmçinin MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 60 manat xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı Banka ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış RH-00014- 06/19A nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli kredit müqaviləsi üzrə 16536,70 manat əsas borc, 884,71 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 17521,41 (on yeddi min beş yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alnması üçün köçürülmüş cəmi 75 (yetmiş beş) manat xərc və 142,56 (bir yüz qırx iki manat əlli altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilə yönəldilsin. Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzil açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti olan və Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 45000 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirmə xərci olaraq Cavabdeh 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülsün. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-118/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-118/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver