Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1185/2025 10.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1318,79 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 151,59 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 577,03 manat məbləğində dəbbə pulu, cəmi 2047,41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 41 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini, tələbin Cavabdeh1 məxsus olan: 2 (iki) ədəd televizor 900 manat dəyərində, 1 (bir) ədəd paltaryuyan 500 manat dəyərində, 1 (bir) ədəd soyuducu 600 manat dəyərində, 1 (bir) ədəd mebel dəsti 600 manat dəyərində, 1 (bir) ədəd yataq dəsti 600 manat dəyərində olmaqla, cəmi 3200 manat məbləğində ev əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 1318,79 manat məbləğində qalıq, ona hesablanmış faiz borcu 151,59 manat, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 577,03 manat məbləğində dəbbə pulu, cəmi 2047,41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 41 manat pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia tələbinə kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mübahisə olmaqla, tərəflər hüquqi şəxs və fərdi sahibkardırlar. Belə ki, iddia tələbinin əsasını təşkil edən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 2023/01030-EGN nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi şəxsi istehlak məqsədilə 30 ay müddətinə, illik 30% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarına dair elektron çıxarışdan görünür ki, Cavabdeh1 vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ********** olmaqla vergi uçotuna alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində isə göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Hazırkı qərardadın məhkəmə aidiyyətinə dair mübahisə ilə əlaqədar olması nəzərə alınaraq tərəflərə izah olunur ki, bu qərardaddan veriləcək şikayət kassasiya şikayəti hesab edildiyindən qərardaddan şikayət veriləcəyi təqdirdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1–407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməli və şikayətə vəkil orderi əlavə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1185/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1185/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver