Məhkəmə qərarları › İş №e-2(125)-122/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-122/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-122/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Azərbaycan MMC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Azərbaycan MMC (bundan sonra – iddiaçı və ya borcverən) və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, borcverən borcalana 36 ay müddətinə illik 28 % manat faiz dərəcəsiylə 18000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Azərbaycan MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Zamin1, Zamin3 və Zamin2 həmin kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Azərbaycan MMC-yə 10188 manat əsas, 373 manat faiz, 94 manat cərimə borcu olmaqla, cəmi 10655 manat borcu hesablanmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Azərbaycan MMC cavabdehlər Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10188 manat əsas, 373 manat faiz, 94 manat cərimə borcu olmaqla, cəmi 10655 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xhaiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8244 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh 18 aprel 2022-ci il tarixinə (iddia ərizəsi üzrə tarixə) BOKT "xxxx" MMC olan əsas borc 10.188.00 manat, faiz borcu 2.395.26 manat olmaqla, cəmi borcu 12.583.26 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, aralarında bağlanmış müqaviləyə əsasən, borcverən kredit versə də, borcalan müqavilə öhdəliyini lazimi qaydada icra etməmiş, beləliklə icra edilməmiş borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı aparılmış ekspertiza nəticəsində əsas borcun 10188 manat, faiz borcunun isə 2395,26 manat olması müəyyən edilsə də, qanunvericiliyə əsasən iddia tələbi həcmində faiz borcu tutulmalıdır. Belə olan halda, iddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun borcalandan və müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında üzərlərinə məsuliyyət götürmüş zaminlərdən müştərək qaydada tutulmasını xahiş etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən, iddia təmin olunmalı, əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə cavabdehlərdən, 100 manat məbləğində ekspertiza xərci isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 müştərək qaydada 10188 manat əsas, 373 manat faiz, 94 manat cərimə borcu olmaqla, cəmi 10655 manat (on min altı yüz əlli beş) manat borc və 122 (yüz iyirimi iki) manat 37 (otuz yeddi) qəpik dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Azərbaycan MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar