Məhkəmə qərarları › İş №e-2(125)-1315/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1315/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1315/2024 12.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4566792A299 saylı Kredit müqaviləsinə əsasən ona illik 24 faiz dərəcəsi ilə, 48 ay müddətinə 10500 manat olan kredit verilmiş, kredit müqaviləsinə əsasən cavabdeh krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni tərəflər arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2021-ci il tarixli BRML4566791A299 saylı kredit kartına dair müqaviləyə əsasən ona illik 25 faiz dərəcəsi ilə, 60 ay müddətinə 800 manat olan kredit xətti ayrılmış, kredit müqaviləsinə əsasən cavabdeh krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli GTKR4566792A299 saylı kredit müqaviləsinə əsasən 8102.23 manat əsas, 86.21 manat faiz borcu olmaqla, cəmi 8188.44 manat; xx.xx.2021-ci il tarixli BRML4566791A299 saylı kredit kartına dair müqaviləyə əsasən 800 manat əsas; 168.34 manat faiz borcu olmaqla; cəmi 968.34 manat hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviliyə əsasən 8102.23 manat əsas, 86.21 manat faiz borcu olmaqla, cəmi 8188.44 manat borcun; xx.xx.2021-ci il tarixli müqaviliyə əsasən 800 manat əsas, 168.34 manat faiz, cəmi 968.34 manat, ümumilikdə 9156.78 manat borcun və 111.57 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli GTKR4566792A299 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2024 tarixə 8102.23 manat əsas borc, 1478.81 faiz borcu olmaqla, cəmi 9581,04 manat; xx.xx.2021-ci il tarixli BRML4566791A299 saylı kredit kartına dair müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 811.82 manat əsas borc, 98.40 manat faiz borcu olmaqla, cəmi 910.22 manat borcu hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırkı mülki iş üzrə iddiaçı iki müqavilə üzrə hesablanmış borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, xx.xx.2021-ci il tarixli GTKR4566792A299 saylı kredit müqaviləsinə əsasən Bank borcalana kredit vermiş, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirməyi öhdəsinə götürsə də, hazırda tələb edilən 8102.23 manat əsas borcdan daha artıq ödəniş etməsini, daha az borcunun qalmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir, buna görə tələb olunan əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ekspert tərəfindən həmin müqavilə üzrə 1478.81 manat faiz borcu hesablansa da, iddiaçının tələbi həcmində 86.21 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə daha sonra qeyd edir ki, xx.xx.2021-ci il tarixli BRML4566791A299 saylı kredit kartına dair müqaviləyə əsasən Bank borcalana kredit vermiş, borcalan krediti və ona hesablanacaq faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Ekspert rəyinə əsasən, həmin müqavilə üzrə 811.82 manat əsas borc hesablansa da, iddiaçının tələbi həcmində 800 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, belə ki, cavabdeh daha az əsas borcunun qalmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı 168.34 manat faiz borcunun tutulmasını xahiş etsə də, ekspert tərəfindən həmin müqavilə üzrə 98.40 manat faiz borcu hesanlanmışdır, ekspert rəyinin əsassız olmasını və (ya) cavabdehin daha az faiz borcunun olmasını təsdiqləyən hər hansı dəlil təqdim olunmamışdır, buna görə 98.40 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli GTKR4566792A299 saylı kredit müqaviləsinə tələb edilən 8102.23 manat əsas borc və 86.21 manat faiz borcu; xx.xx.2021-ci il tarixli BRML4566791A299 saylı kredit kartına dair müqaviləyə əsasən 800 manat əsas borc və ekspert rəyinə əsasən hesanlanmış 98.40 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110.86 manat pul cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR4566792A299 saylı kredit müqaviləsi üzrə 8102.23 manat əsas, 86.21 manat faiz borcu; xx.xx.2021-ci il tarixli BRML4566791A299 saylı kredit müqaviləsi 800 manat əsas, 98.40 manat faiz borcu olmaqla, cəmi 9086 (doqquz min səksən altı ) 84 (səksən dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110 (yüz on) manat 86 (səksən altı) qəpik pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar