Məhkəmə qərarları › İş №e-2(125)-134/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-134/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-134/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girovun açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən qalan borcun ümumi qaydada tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli kredit müqaviləsi üzrə 3182,07 manat əsas, 608,17 manat faiz və 654 manat cərimə olmaqla, cəmi 4444,24 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64,45 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın cavabdehə məxsus olan çəkisi 21,5 qram, əyarı 583 olan 3 ədəd sep, çəkisi 17,6 qram, əyarı 583 olan 2 ədəd bilərzik, çəkisi 6,4 qram, əyarı 583 olan 1 ədəd sırğa, çəkisi 15 qram, əyarı 583 olan 5 ədəd üzük olmaqla girov qoyulmuş qızıl zinət əşyalarına yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin cəmi 4444,24 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64,45 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən qalan borcun ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli kredit müqaviləsinə əsasən illik 26,5 % dərəcəsi olmaqla 12 ay müddətinə 3270 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli kredit müqaviləsinin şərtlərinə görə (3.1.11 və 4.2-ci bəndlər) cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 3182,07 manat əsas, faiz borcuna görə 608,17 manat, cərimə borcuna görə 654 manat olmaqla, borcun cəmi məbləği 4444,24 manat təşkil edir. xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Gəncə” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: - çəkisi 21,5 qram, əyarı 583 olan 3 ədəd sep; - çəkisi 17,6 qram, əyarı 583 olan 2 ədəd bilərzik; - çəkisi 6,4 qram, əyarı 583 olan 1 ədəd sırğa; - çəkisi 15 qram, əyarı 583 olan 5 ədəd üzük; İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, bankdan 3270 manat məbləğində kredit götürmüşdür, 2022-ci ilin dekabr ayının sonundan 2023-cü ilin yanvar ayının 12-nə qədər 1000 manat məbləğində pul ödəmişdir, qeyd etdiyi vaxtdan əvvəl və sonrakı tarixlərdə ödənişlər etməmişdir. Həyat yoldaşının vəfat etməsi və 2 ay ölkə xaricində olması səbəbindən ödənişlər etməsində problemlər yaranmışdır. Bankla danışdıqdan sonra 10 gün ərzində 1000 manat ödəniş etmiş, bankdan ona etdiyi ödənişin borcundan silinəcəyi bildirilsə də, ödənişlər ancaq cərimədən silinmişdir. Buna görə də ödənişlər etməyi dayandırmışdır. Banka cəmi 3 dəfə ödəniş etmişdir. Keçirilmiş ekspertizanın rəyi ilə tanış olmuşdur, rəy ilə razıdır, rəydə göstərilən həddə iddianın qismən təmin edilməsini xahiş edir və həmçinin qeyd edir ki, iddia qismən təmin edilərsə, borcunu tam şəkildə ödəyə biləcək. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, İddiaçı ASC (Bank) ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank şəxsi istehlak məqsədi ilə 3270 manat məbləğində krediti 12 ay müddətinə illik 26,5 % ödəmək şərtilə cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin kreditdən şəxsi istehlak məqsədi ilə istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli saxlanc girovu haqqında müqaviləyə, saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akta və ona əlavəyə əsasən cavabdehə məxsus çəkisi 21,5 qram, əyarı 583 olan 3 ədəd sep, çəkisi 17,6 qram, əyarı 583 olan 2 ədəd bilərzik, çəkisi 6,4 qram, əyarı 583 olan 1 ədəd sırğa, çəkisi 15 qram, əyarı 583 olan 5 ədəd üzükdən ibarət qızılzinət əşyaları girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2023-cü il tarixinədək, 12 ay müddətinə, hər ay 313,17 manat, sonuncu ay isə 313,23 manat ödəməli idi. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli GNLMB- 12845 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcalanın Banka olan borcu əsas məbləğ üzrə 3182,07 manat, faiz məbləği üzrə 608,17 manat, cərimə üzrə 654 manat olmaqla, cəmi 4444,24 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehin ünvanına sonuncu dəfə, xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək ona xx.xx.2022-ci il tarixli GNLMB-12845 nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən, həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/7984 nömrəli, 22 dekabr 2023-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu, yəni xx.xx.2023-cü il tarixədək olan borcu əsas borc üzrə 2644,63 manat, faiz borcu üzrə 319,27 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, tam yerinə yetirməmişdir. Tərəflər arasında kredit müqaviləsinin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas və faiz borcunun qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq cavabdehdən tutulmalıdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin müqavilə üzrə 211,5 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və həmin cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Mülki Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Bundan başqa, məhkəmə iddianın “girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən qalan borcun ümumi qaydada tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, tələb girov predmeti olan əşyaların açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə pulun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən qalan borcun ümumi qaydada tutulması məsələsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən icra məmuru tərəfindən qətnamənin icrası mərhələsində həyata keçirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı halda iddia göstərilən hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsasən əsaslı olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun qaydada tərəflərə aid edilməli, eləcə də ekspertiza xərcinə görə 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh GNLMB-12845 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2644,63 manat əsas borc, 319,27 manat faiz borcu və 211,5 manat cərimə olmaqla cəmi 3175,4 (üç min bir yüz yetmiş beş manat qırx qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,75 (əlli bir manat yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan çəkisi 21,5 qram, əyarı 583 olan 3 ədəd sep; çəkisi 17,6 qram, əyarı 583 olan 2 ədəd bilərzik; çəkisi 6,4 qram, əyarı 583 olan 1 ədəd sırğa; çəkisi 15 qram, əyarı 583 olan 5 ədəd üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar