Məhkəmə qərarları › İş №e-2(125)-1378/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1378/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1378/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə əsas borc üzrə 3809,10 manat, faiz borcu üzrə 30,30 manat olmaqla, cəmi 3839,40 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 58,40 manat və xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC (Bank) ilə Mahmudov Sahib Məhəmməd oğlu (borcalan) arasında bağlanmış BPM**********81 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə, hesabdan çıxarışa və kassa məxaric orderinə əsasən Bank borcalana 45 ay müddətinə illik 23 faiz dərəcəsi ilə ödəmək şərtilə 4700 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında borcalan xx.xx.2026-cı il tarixinədək hər ay 156,83 manat, sonuncu ay isə 156,03 manat ödəməli idi. X1 Məhəmməd oğlu 05 mart 2024-cü il tarixdə “çoxsaylı mieloma” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin borcalan xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmış və cavabdeh borcalandan qalmış mirası qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, borcalanın banka ödənilməmiş 3809,10 manat əsas, 30,30 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında qeyd etdi ki, mərhum əri Mahmudov Sahib Məhəmməd oğlu onkoloji xəstə olduğu üçün xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq bankdan sözügedən məbləğdə krediti götürmüşdür. Həmin pul onun müalicəsinə sərf olunmuşdur. Mərhum əri xx.xx.2024-cü ildə öldükdən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakı vərəsəlik qaydasında qəbul etmişdir. Hazırda 355 manat əmək haqqı olur, onun 180 manatı ilə özünün başqa banka olan borcunu ödəyir, yerdə qalan məbləği isə kommunal xərclərə və şəkər xəstəliyinin müalicəsinə sərf edir. Odur ki, kredit borcunun ayda 30 manat olmaqla, hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, bankla borcalan arasında yuxarıda qeyd edilən müqavilə imzalanmışdır. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu – 3809,10 manat, faiz borcu 30,30 manat olmaqla, cəmi borcu 3839,40 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 2101 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə ölmüş Mahmudov Sahib Məhəmməd oğlunun adına xx.xx.2024-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində arvadı – Cavabdeh ərizəsinə reyestrdə 8V-281 nömrə ilə qeyd olunmuş vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və kredit müqaviləi üzrə yaranmış öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə 3 gün müddətində məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum əri Mahmudov Sahib Məhəmməd oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (3839,40 manatdan) yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Mahmudov Sahib Məhəmməd oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdeh isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Cavabdeh borcalanın bankdan pul vəsaitini götürdüyünü və tələb edilən məbləğdə borcunun olduğunu inkar etməmiş, borcalandan miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul etdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 3809,10 manat əsas, 30,30 manat faiz borcu olmaqla, ümumilikdə 3839,40 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 58,40 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********81 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3809,10 manat əsas borc və 30,30 manat faiz borcu olmaqla, cəmi 3839,40 (üç min səkkiz yüz otuz doqquz manat qırx qəpik) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 58,80 (əlli səkkiz manat səksən qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar