Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1395/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, Quliyev Valeriy Namaz oğlunun vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) iddiaçının xeyrinə nağd kredit üzrə 2885,73 manat əsas, kart limiti üzrə 299,43 manat əsas, 10,90 manat faiz borcu olmaqla, ümumilikdə 310,33 manat kredit borcunun, həmçinin ödənilmiş 51,97 manat dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması barədə qərardad qəbul edilmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişləri göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC-nin (Bank) Gəncə filialı ilə Quliyev Valeriy Namaz oğlu (borcalan) arasında bağlanmış BPM**********36 nömrəli, xx.xx.2022-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kart krediti limiti ayrılmış, həmçinin BPM**********36 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə, hesabdan çıxarışa və kassa məxaric orderinə əsasən Bank borcalana 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə ödəmək şərtilə ümumilikdə 4100 manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, BPM**********36 nömrəli nağd kredit müqaviləsi üzrə ödəniş cədvəli əsasında borcalan xx.xx.2025-ci il tarixinədək hər ay 154,47 manat, sonuncu ay isə 154,27 manat ödəməli idi. X1 Namaz oğlu 27 oktyabr 2023-cü il tarixdə “yarımkürələrə dəqiqləşdirilməmiş beyindaxili qansızma” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya və kredit müqaviləsinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin əldə olunmuş məlumata görə borcalan xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bankın xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən borcalanın Banka ödənilməmiş 2885,73 manat əsas borcu qalmışdır. xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən isə borcalanın Banka ödənilməmiş 299,43 manat əsas, 10,90 manat faiz borcu qalmışdır. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmışdır. Cavabdehlər mərhum borcalandan qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mərhum borcalan onun əri olmuşdur. Digər Cavabdeh2 isə onun mərhum ərinin başqa nikahından olan oğludur. Əri xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhum ərinin banka olan borcundan məlumatı olmamışdır. 2023-cü ilin dekabr ayında iddiaçı bank ona zəng etmişdir. O isə cavabında ərinin öldüyünü bildirmiş və mərhum ərinə məxsus ölüm haqqında şəhadətnamənin surətini iddiaçı banka təqdim etmişdir. İddiaçı bankdan ona kredit borcunun vərəsələrdən tutulacağı barədə məlumat verilmişdir. Mərhum ərindən miras qalan pulun təxminən 1000 manatını özü, 2000 manatını isə digər cavabdeh götürmüşdür. Maddi cəhətdən imkanı zəifdir, başqa banka da borcu var, həmçinin himayəsində xəstə uşağı var. İş üzrə digər Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********36 nömrəli tam bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan və xx.xx.2022-ci il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə borcalanın arasında sonuncunun adına bank tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxılmasına, borcalanın adına bank hesablarının (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı, bundan sonra birlikdə - «Hesab» və ya «Hesablar» adlanacaq), kredit xəttinin (bundan sonra «Kredit» adlanacaq) açılmasına, Müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış Kreditdən 10-cu bənddə göstərilmiş təyinat (şəxsi ehtiyaclarının ödənilməsi/istehlak məqsədləri) üzrə istifadə edilməsinə, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kart kredit limiti üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş borcu – 299,43 manat əsas, 10,90 manat faiz borcu olmaqla, cəmi borcu 310,33 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş borcu – 2885,73 manat əsas borcu təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-458 nömrə ilə qeyd edilmiş şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Quliyev Valeriy Namaz oğlunun vərəsəsi arvadı – Cavabdeh1 miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 17 nömrəli məktuba əsasən miras qoyan Quliyev Valeriy Namaz oğlunun adına hesablanmış 3210,79 manat məbləğdə pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2024-cü il tarixli, reyestrdə 2V-508 nömrə ilə qeyd edilmiş şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Quliyev Valeriy Namaz oğlunun vərəsəsi oğlu – Cavabdeh2 miras əmlakdan 2/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 17 nömrəli məktuba əsasən miras qoyan Quliyev Valeriy Namaz oğlunun adına hesablanmış 3210,79 manat məbləğdə pul vəsaitindən ibarətdir. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərin ünvanına bildirişlər göndərilərək (məktubun cavabdehlərə göndərilməsi barədə müvafiq “poçt göndərişlərinin” surətləri işə əlavə edilməklə) onlara sözügedən kredit müqavilələri üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və kredit müqavilələri üzrə yaranmış öhdəliyin 3 gün müddətində tam şəkildə yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma və kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdehlər tərəfindən isə müqavilələr üzrə öhdəlik icra edilməmişdir. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər, mərhum Quliyev Valeriy Namaz oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiklərindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Quliyev Valeriy Namaz oğlu kredit müqavilələri üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu, düzgün hesablandığını təsdiq edir, cavabdehlər tərəfindən isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 51,97 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, BPM**********36 nömrəli bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşması və xx.xx.2022-ci il tarixli, BPM**********36 nömrəli kredit müqaviləsi üzrə yaranmış, müvafiq olaraq kart kredit limiti üzrə 299,43 manat əsas, 10,90 manat faiz borcu olmaqla, cəmi 310,33 (üç yüz on manat otuz üç qəpik) manat və nağd kredit üzrə 2885,73 (iki min səkkiz yüz səksən beş manat yetmiş üç qəpik) manat və ödənilmiş 51,97 (əlli bir manat doxsan yeddi qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1395/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1395/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver