Məhkəmə qərarları › İş №e-2(125)-1411/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1411/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1411/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.654 manat 18 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 814 manat 42 qəpik, cəmi 8.468 manat 60 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104 manat 69 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 59 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7.654 manat 18 qəpik məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X1 ilə bank arasında Z- RGTK2116444B206 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 7.654 manat 18 qəpik əsas və 814 manat 42 qəpik faiz borcu yaranmışdır. İddiaçı ASC tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, xx.xx.2023-cüil tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.654 manat 18 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 814 manat 42 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104 manat 69 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, kreditdən istifadəyə görə illik 20 % ödəməsi şərtilə, 59 ay müddətinə 7.654 manat 18 qəpik məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 7.654 manat 18 qəpik məbləğində pul vəsaitini İddiaçı ASC-dən almışdır. İşə əlavə olunan xx.xx.2023-cü il tarixli, Z-RGTK2116444B206 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC qarşısında xx.xx.2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 7.654 manat 18 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 814 manat 42 qəpik, cəmi 8.468 manat 60 qəpik təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən borcun könüllü ödəməsi barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borcun əvəzi qismində 7.654 manat 18 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 814 manat 42 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor isə müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə xx.xx.2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.654 manat 18 qəpik, xx.xx.2024-cü il taixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 814 manat 42 qəpik, cəmi 8.468 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 104 manat 69 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 iyun 2023-cü il tarixli, RGTK2116444B206 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.654 (yeddi min altı yüz əlli dörd) manat 18 (on səkkiz) qəpik, 17 yanvar 2024cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 814 (səkkiz yüz on dörd) manat 42 (qırx iki) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 104 (bir yüz dörd) manat 69 (altmış doqquz) qəpik, cəmi 8.573 (səkkiz min beş yüz yetmiş üç) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar