Məhkəmə qərarları › İş №e-2(125)-1427/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1427/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1427/2025 27.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Nusayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.994 manat 32 qəpik, xx.xx.2024-cü il tarixli, BPM**********61 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.361 manat 21 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 manat 96 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə Əliyev İlham Tapdıq oğlu arasında xx.xx.2021-ci il tarixli BPM**********61 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əliyev İlham Tapdıq oğluna 36 ay müddətinə illik 24 faiz olmaqla 3.000 manat məbləğində kart limiti verilmişdir. Həmçinin, "xxxx" ASC ilə Əliyev İlham Tapdıq oğlu arasında xx.xx.2024-cü il tarixli BPM**********61 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əliyev İlham Tapdıq oğluna illik 12 faiz olmaqla 12 ay müddətinə 4.000 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əliyev İlham Tapdıq oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xx.xx.2024cü il tarixli, 1836 nömrəli məktubuna əsasən Əliyev İlham Tapdıq oğlundan qalmış mirası Cavabdeh qəbul etmişdir. Əliyev İlham Tapdıq oğlunun xx.xx.2021-ci il tarixli BPM**********61 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.994 manat 32 qəpik, xx.xx.2024-cü il tarixli, BPM**********61 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.361 manat 21 qəpik məbləğində borcu qalmışdır. Cavabdeh mərhum Əliyev İlham Tapdıq oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı cavabdehə müraciət etsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. X1 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, mərhum əri Əliyev İlham Tapdıq oğlunun kredit müqaviləsi bağlamasından və hazırki tələb üzrə öhdəliklərindən xəbərdar olmamışdır. Bundan başqa, onun əri yaşlı olsa da Əliyev İlham Tapdıq oğlu ilə öhdəliklərin sığortalanmasına dair hər hansı müqavilə bağlanmamışdır. Onun hazırki tələb üzrə borclarını ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Əliyev İlham Tapdıq oğluna, 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3.000 manat məbləğində kredit limiti təyin edilmişdir. İş materiallarında olan Əliyev İlham Tapdıq oğlunun xx.xx.2021-ci il tarixli “bank kartına kredit limitinin təyin olunmasına dair” razılaşmanın surətindən görünür ki, Əliyev İlham Tapdıq oğlu xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsinin şərtlərini qəbul etmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tam kart çərçivə müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Əliyev İlham Tapdıq oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Əliyev İlham Tapdıq oğlunun "xxxx" ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 2.994 manat 32 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli BPM**********61 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Əliyev İlham Tapdıq oğluna illik 12 faiz ödəmək şərti ilə 12 ay müddətinə 4.000 manat kredit verilmişdir İşdə olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Əliyev İlham Tapdıq oğlu xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-dən 4.000 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Əliyev İlham Tapdıq oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Əliyev İlham Tapdıq oğlunun "xxxx" ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 3.361 manat 21 qəpik təşkil edir. İşdə olan AZ-İİ seriyalı, 387397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev İlham Tapdıq oğlu xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli, 1836 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə ölmüş Əliyev İlham Tapdıq oğlunun adına arvadı Cavabdeh ərizəsi əsasında 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində 8V-252 nömrəli vərəsəlik işi açılmış, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borcu könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Əliyev İlham Tapdıq oğlunun "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.994 manat 32 qəpik, xx.xx.2024-cü il tarixli, BPM**********61 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.361 manat 21 qəpik borcunun yarandığı, Əliyev İlham Tapdıq oğlunun ölümündən sonra həmin şəxsə məxsus miras əmlakın qəbul edilməsinə dair Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisində vərəsəlik işi açıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesan olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Əliyev İlham Tapdıq oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, xx.xx.2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.994 manat 32 qəpik, xx.xx.2024-cü il tarixli, BPM**********61 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.361 manat 21 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 85 manat 96 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11 noyabr 2021-ci il tarixli, BPM**********61 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.994 (iki min doqquz yüz doxsan dörd) manat 32 (otuz iki) qəpik, 23 yanvar 2024-cü il tarixli, BPM**********61 nömrəli istehlak kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.361 (üç min üç yüz altmış bir) manat 21 (iyirmi bir) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 85 (səksən beş) manat 96 (doxsan altı) qəpik, cəmi 6.441 (altı min dörd yüz qırx bir) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar