Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1441/2025 15.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi iilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, cavabdeh tərəfindən iddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş 3841,70 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 9 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində iddiaçı MMC-nin – OBA Gəncə 39 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun olaraq 5560 (beş min beş yüz altmış) manat 90 (doxsan) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən cavabdehin iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3841,7 manat borc qalmışdır. Beləliklə cavabdehin hazırda iddiaçı MMC-yə ümumilikdə 3841,7 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər e-2(125)-1441/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmənin əvvəlki iclasında iştirak edib iddianın əsaslı olduğunu bidlrimiş, sonra məhkəməyə ərizələr ünvanlayaraq, iddianı tam müdafiə etdiyini, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, cavabdehin iddiaçı “Oba Market" MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o Satış Departamentinə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. “Oba Market" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, cavabdeh “Oba Market" MMC-də “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. “Oba Market" MMC-nin xx.xx.2020-ci il tarixli, 258 saylı “işə qəbul etmə” haqqında əmrindən çıxarışdan və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixindən etibarən satıcı-kasir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir. İş materiallarında olan cavabdehin “Oba Market" MMC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o administrator vəzifəsinə keçməsinə etiraz etmir. “Oba Market" MMC-nin xx.xx.2021-ci il tarixli, 393 saylı əmrindən çıxarışdan, xx.xx.2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək müqaviləsinə əlavədən görünür ki, cavabdeh cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixindən administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan administratorun vəzifə təlimatından görünür ki, işçi maddi məsuliyyət müqaviləsi çərçivəsində istifadəsində olan avadanlıq və digər vasitələrə görə məsuliyyət daşıyır. Daxili intizam, əməyin mühafizəsi, sanitar-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı MMC-nin Gəncə 39 filialında aparılmış xx.xx.2023-cü il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 5560,9 manat əskikgəlmə məbləği müəyyən edilmişdir. Həmin akt cavabdeh tərəfindən imzalanmamışdır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, DN82 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinin imzalasının mütləq olduğu bildirilmiş, Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş edilmişdir. İddiaçı MMC-nin Gəncə 39 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 1065 nömrəli inventarizasiya siyahısından görünür ki, siyahıda qeyd olunan malların üzləşdirilməsi aparılmış, 5560,9 manat əskikgəlmə aşkar edilmişdir. İddiaçı MMC-nin İnventarizasiya komissiyasının xx.xx.2023-cü il tarixli iltizamnaməsindən görünür ki, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayım qaydalara uyğun keçirilmiş, sonda qarşılaşdırma olmuş, əksik mallarla tanış olmuş, sayım qrupuna heç bir etirazı olmamış, bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli 370 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində çalışmış cavabdehə aid aşkarlanan yekun nəticələrə “Təbii itki normaları” tətbiq edilməsi məqsədi ilə İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator cavabdehdən tələb olunmuş, “Təbii itki norması” satış dövriyyəsinin 0,33 faizi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli, DN2205 nömrəli xəbərdarlıq məktubundan görünür ki, həmin məktubla cavabdehə bildirilmişdir ki, "Oba Market” MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 3842 manat əskikgəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməyi xahiş olunmuşdur. Əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan cavabdehin “Oba Market" MMC-yə ünvanlanan xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. “Oba Market" MMC-nin xx.xx.2024-cü il tarixli, 130x nömrəli əmrindən çıxarışdan və xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdehin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. İddiaçı MMC-də çalışmış Cavabdeh Aqil qızının maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 5560,9 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdən sonra qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 3841,70 manat borcu qalmışdır. Beləliklə cavabdehin 06 may 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 3841,70 manat təşkil edir. İş materiallarında olan “Oba Market" MMC-nin xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, “Oba Market" MMC-nin ünvan 1 ünvanında yerləşən OBA-Gəncə 39 (1065) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs cavabdehin iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-5560.90 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İddiaçı MMC əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3841,70 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir və tələbini cavabdehlə aralarında “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən onun tam maddi məsul şəxs olduğu mağazada aparılmış inventarizasiyalar nəticəsində cəmiyyətə zərər vurmasının müəyyən edilməsi ilə əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçı cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixdən satıcıkassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixli 130x nömrəli əmrlə həmin tarixdən işdən azad edilmişdir. Cavabdehlə əmək və mülki qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdehin çalışdığı mağazada xx.xx.2023-cü il tarixdə aparılan inventarizasiya yoxlaması nəticəsində cavabdehin cəmiyyətə 5560,90 manat ziyan vurması müəyyən edilmiş və müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 3841,70 manat məbləğində müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən cavabdehə həmin məbləği ödəməsi ilə əlaqədar xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən qeyd edilən məbləğ ödənilməmişdir. İddiaçı məsələnin mediasiya qaydasında həlli üçün mediasiya orqanına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün prosesi davam etdirmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsi və aşağıda qeyd edilən digər maddi hüquq normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub və onların orta aylıq əmək haqqı miqdarında ödənilir. Əmək Məcəlləsinin 198-ci maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. İşəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Həmin qərarda həmçinin qeyd edilir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Tərəflər arasında bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci maddəsində qeyd olunmuşdur ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: 1.1 ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə qiymət vermək üçün ilk öncə cavabdehin iddiaçı ilə əmək münasibətlərində olması, əmək münasibətləri prosesində olan zaman iddiaçıya həqiqətən ziyan vurulub-vurulmaması və həmin ziyanın cavabdeh tərəfindən vurulub-vurulmaması məsələsi araşdırılmalı, cavabdeh (işçi) tərəfindən iddiaçıya (işəgötürənə) vurulmuş maddi ziyan müəyyənləşdirilərkən isə, ilk öncə ziyanın həqiqi olması, ziyanın işçinin əmək müqaviləsi üzrə qanunazidd hərəkət və ya hərəkətsizliyi, əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulması, vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımınca yerinə yetirilməməsi və ziyanın işçinin qanuna zidd olan əməli nəticəsində (səbəbli-əlaqə) baş vermiş olması müəyyən edilməlidir. İşin müəyyən edilmiş halına görə tərəflər yoxlamanın aparıldığı müddət aralığında əmək münasibətlərində olmuş və cavabdeh tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən tam maddi məsul şəxs olmuşdur. Həmçinin, tələb edilən məbləğdə ziyanın həqiqətən vurulması işin mübahisəsiz, yəni cavabdeh tərəfindən mübahisələndirilməyən və iş materialları ilə öz təsdiqini tapan halıdır. Belə ki, cavabdeh iş materiallarına əlavə edilmiş iltizamnamədə sayımda tam olaraq iştirak etdiyini, sayımın qaydalara uyğun keçirildiyini, sonda qarşılaşdırma olduğunu, əksik mallarla tanış olduğunu, sayım qrupuna heç bir etirazının olmadığını qeyd etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. Başqa sözlə, aparılan yoxlamaların nəticələrinə dair tərtib edilmiş və müəyyən edilmiş əksikgəlmələr qeyd olunmuş akt cavabdeh tərəfindən imzalanmasa da cavabdeh məhkəmə iclasından məlumatlı olmuş, sayımın nəticələri ilə razı olmamasını, habelə yoxlama zamanı müəyyən edilmiş əksikgəlmələrin məbləğini mübahisələndirməmişdir. Bundan başqa, araşdırılmalı olan digər məsələ ziyanın cavabdehin əmək müqaviləsi üzrə qanunazidd hərəkət və ya hərəkətsizliyi, əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulması, vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmasını müəyyənləşdirməkdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmış “administrator vəzifə təlimatı”nda administratorun vəzifə funsikayaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyəti öz əksini tapmışdır. Həmin təlimatda mağazada məhv ediləcək məhsulların təyin edilməsinə nəzarət və məhvetmə prosesi koordinasiya etmək vəzifə funksiyası, sayım zamanı əksik gələn məhsullara görə isə məsuliyyət daşıması vəzifə məsuliyyəti kimi göstərilmişdir. Göründüyü kimi, məlumatı olsa da cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı etirazını bildirməmiş, tələbin əsassız olmasını təsdiq edən mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011- ci il tarixli Qərarında qeyd edilir ki, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin Plenum qərarında qeyd edilir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Beləliklə, cavabdeh vəzifə təlimatlarını pozmuş, vəzifəsini lazımınca yerinə yetirməmiş, dəymiş ziyanın onun təqsiri ilə bağlı olmadığını sübut edə bilməmişdir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı MMC-yə iddia tələbində qeyd olunan məbləğdə ziyan vurması öz təsdiqini tapdığına görə iddia təmin edilməli və cavabdehdən 3841,70 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Göstərilən hüquq normalarına əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcinin əvəzi qismində 58,42 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:
İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 3841,70 (üç min səkkiz yüz qırx bir manat yetmiş qəpik) manat və məhkəmə xərcinin əvəzinə görə 58,42 (əlli səkkiz manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov