Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1455/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada LPO "xxxx" ASC-nin xeyrinə 397,66 manat məbləğində əsas, 928,72 manat faiz, 1209,82 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 60,24 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 45,97 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, "xxxx" ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 18 ay müddətinə, illik 21,2 faiz dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin, Bank ilə Borcalan arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə sazişə və müvafiq ödəniş cədvəlinə əsasən Borcalanın Bank qarşısında xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan 3402,48 manat əsas borcunun illik faiz dərəcəsi 20 % olmaqla, 36 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. Borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələri banka ödəməyi, öhdəsinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bankla Cavabdeh2 (zamin) arasında ********* nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş imzalanmış, bu sazişə əsasən zamin Borcalanın Bank qarşısında restrukturizasiyaya dair xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə öhdəliyinin yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 126,45 manat, sonuncu ay isə 126,36 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit, ona hesablanacaq faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2022-ci il tarixə Banka 397,66 manat əsas, 928,72 manat faiz borcu yaranmış, ona 1209,82 manat cərimə, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 60,24 manat cərimə hesablanmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə Cavabdeh1 5000 ABŞ dolları məbləğində borc verilmişdir, sonradan onun borcu restrukturizasiya olunmuş, lakin borc yenə də ödənilməmişdir. Daha sonra bu borc üzrə müvafiq kompensasiya ödənilmişdir. Həmçinin, problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görülmüş, lakin borcalan sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etməmiş, yeni müqavilə bağlanmamışdır. Ona görə də hazırda cavabdehlərin banka olan əsas borcu 397,66 manat təşkil edir. Nümayəndə həmçinin, ekspertin rəyində göstərilənləri məhkəmənin mülahizəsinə buraxdığını bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında sözügedən kredit müqaviləsini bağladığını, sonradan ABŞ dollarının manata məzənnəsi dəyişdiyindən Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanının təsiri dairəsinə düşdüyünü, lakin bankın onunla müvafiq restrukturizasiya müqaviləsi bağlamadığını, ümumiyyətlə həmin zamini tanımadığını, banka olan faiz və cərimə borcunun silinməli oduğunu, yalnız əsas borc hissəsini, yəni 397 manatı ödəyə biləcəyini bildirdi. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş, ödəniş cədvəli barədə müqaviləyə əlavə, eləcə də borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə bankla zamin arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş imzalanmışdır. Tərəflər arasında müqavilələrin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilələrə, müvafiq ödəniş cədvəlinə görə cavabdehlər xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın qalıq qalan 3402,48 manat əsas borcunun 36 ay müddətinə illik faiz dərəcəsi 20 % dərəcəsi ilə ödəmək şərtilə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşlər. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/3204 nömrəli, 15 may 2023-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 16 noyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və 14 fevral 2017-ci il tarixli 1 nömrəli “Əlavə Saziş”in şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu 1167,79 manat, o cümlədən əsas borcu 395,12 manat, faiz borcu 772,67 manat məbləğində müəyyən edilmişdir. Lakin mülki iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-yə borcu 397,66 manat təşkil edir və həmin məbləğin restrukturizasiya olunması təklif edilir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Bankın nümayəndəsi problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görüldüyünü, borclunun sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etmədiyini, yeni müqavilə bağlanmadığını qeyd etmişdir. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcalana belə bir təklif göndərməsini və borcalanın həmin təklifin qəbulundan imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı ilə kredit borcunu ödəməkdə vətəndaşlara dövlət tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur. Borcalanın kredit borcunun restrukturizasiya edilməməsinin məhz onun təqsiri ucbatından baş verməsi barədə mülki işin materiallarında hər hansı sübut yoxdur. Digər tərəfdən, məhkəmə məhz bu halı nəzərə alaraq borcalandan qalıq əsas borcun tutulması barədə qənaətə gəlmişdir. Əks halda, yəni Fərmana müəyyən edilmiş müddət ərzində problemli kreditin restrukturizasiyası ümumiyyətlə hazırkı işin məhkəmədə baxılması imkanını aradan qaldırmış olardı. Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsir dairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir. Eyni zamanda, Fərmanın 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarına tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2). İşə baxılarkən mübahisəli kredit müqaviləsinin Fərmanın təsiri altına düşdüyü barədə mübahisə olmamışdır. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur. Həmçinin, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanından görünür ki, həmin Fərmanın başlıca məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Beləliklə, ekspertin rəyi də nəzərə alınmaqla işdə olan sübutlarla borcalanın bankla bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borcalanın banka yalnız əsas borc qismində 395 manat 12 qəpik borcu yarandığı təsdiq olunur. Məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə iddia tələbi problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda qeyd olunan və hazırki iş üzrə ekspert rəyi ilə məbləği dəqiq müəyyən edilən əsas borc borcalandan bankın xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, borcalandan əlavə olaraq 928,72 manat faiz, 1209,82 manat cərimə və gecikdirilmiş vaxt üçün 60,24 manat məbləğində borcun tələb edilməsi Fərmana ziddir. Belə ki, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, sözügedən Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuşdur, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərilərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməlidirlər. Fərmanın müddəalarının tətbiq edilməsi nəticəsində vətəndaşın əsas borcu azaldıldığı və qalıq borcu 395,12 manat olması müəyyən edildiyi halda, Bank tərəfindən həmin borca dair yenidən faiz və cərimə hesablanaraq, borcludan 928,72 manat faiz, 1209,82 manat cərimə və gecikdirilmiş vaxt üçün 60,24 manat tələb edilməsi ağlabatan deyildir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehə Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni əsas öhdəliyin icrası vaxtının başa çatdığı xx.xx.2020-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 bankın xeyrinə tutulmalı, eyni zamanda 50 manat ekspertiza xərci Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsinə dair xx.xx.2017-ci il tarixli 1 nömrəli əlavə saziş üzrə yaranmış 395,12 (üç yüz doxsan beş manat, on iki qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci 50 (əlli) manat Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1455/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1455/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver