Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-147/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehdən 1634 manat sığorta ödənişinin, 36.34 manat ödənilmiş dövlət rüsumunun və 0,40 bank xidməti xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan **-CZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış H029652 dövlət qeydiyyat nişanlı «Renault Logan» Authentique markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən H029652 dövlət qeydiyyat nişanlı «Renault Logan» Authentique markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1634 manat müəyyən edilmişdir. "PAŞA Sığorta” ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 1634 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alnımış və köçürmə həyata keçirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş ümumi 1634 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi Nümayəndə2 tərəfindən **-CZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı avtonəqliyyat vasitəsini idarə etmək səlahiyyəti Cavabdeh xx.xx.2023-cü ilədək verilmişdir. İş materiallarında olan TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh **-CZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı avtonəqliyyat vasitəsiylə törətdiyi inzibati xətaya görə təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Həmin yolnəqliyyat hadisəsi nəticəsində H029652 dövlət qeydiyyat nişanlı «Renault Logan» Authentique markalı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinədən görünür ki, "xxxx" ASC tərəfindən “Renault Logan” markalı, H029652 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığorta məbləği 6760 manat olmaqla sığorta olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli zərər aktına əsasən H029652 dövlət qeydiyyat nişanlı «Renault Logan» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1634 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Renaul Logan” markalı, H029652 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1634 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, subroqasiya hüququna əsasən, 1634 manat vəsaitin 15 təqvim günü ərzində ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/6282 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Renault Logan” markalı, H029652 dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin oktyabr ayına olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1408,0 manat müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh **-CZ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Aveo” markalı avtomobili etibarnamə əsasında idarə edərkən "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış H029652 dövlət qeydiyyat nişanlı «Renault Logan» markalı avtomobillə xx.xx.2020-cı il tarixdə toqquşmuş, həmin hadisənin baş verməsində Cavabdeh təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində H029652 dövlət qeydiyyat nişanlı «Renault Logan» markalı avtomobilə 1634 manat maddi ziyan dəydiyi hesablanmış və həmin məbləğ avtomobilin təmiri üçün ödənilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia irəli sürərək ödəmiş olduğu 1634 manat sığorta ödənişinin subroqasiya qaydasında tutularaq ona ödənilməsini tələb edir. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində “Renault Logan” markalı, H029652 dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin oktyabr ayına olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1408 manat müəyyən edilmişdir. Ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yol nəqliiyat hadisəsinin törədilməsində təqsirli bilinən cavabdehdən ziyan dəymiş avtomobilin təmiri üçün ödənilmiş sığorta ödənişinin əvəzində ekspert rəyinə əsasən 1408 manat pul subroqasiya qaydasında tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və rüsumun ödənilməsi üçün çəkilən bank xərci də cavabdehlə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu və 0,40 manat bank xidməti xərci cavabdehdən alınaraq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1408 (min dörd yüz səkkiz) manat sığorta ödənişi, bank xidməti xərcinin əvəzi kimi 40 (qərx) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 (otuz iki) manat pul tutularaq “Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-147/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-147/2023
20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver