Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1472/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (bir min iki yüz) manat borc məbləği, 120 (bir yüz iyirmi) manat cərimələr üzrə borc qalığı və 33 (otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1353 (bir min üç yüz əlli üç) manat tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmənin 01 fevral 2024-cü il tarixli, e-2(125)-1472/2024 qərardadına əsasən mülki iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 12 noyabr 2019-cu il tarixli, WTCN-006359 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 2000 (iki min) manat olan İphone Xs 64 (İmei: **********57379) markalı mobil telefon almışdır. Müqavilənin dördüncü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ayın 12dən gec olmayaraq, ödəniş cədvəlinə uyğun olaraq aylıq 200 (iki yüz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunun ümumu dəyəri 1200 (bir min iki yüz) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi, şirkət olaraq cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsi və işə onun iştirakı olmadan baxılmasını tələb etdiyindən məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli, WTCN-006359 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” “Alıcı”ya bu müqavilənin şərtlərinə uyğun olaraq, şəxsi istehlak və istifadə üçün 9 ay müddətinə 2000 AZN məbləğində əmtəəni (əşyanı) (Trimmer Braun 3020; Proqramçı xidməti; İphone Xs 64 İmei: **********57379 İmei2: **********54636) nisyə alqı-satqı şərtləri əsasında verir. “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən “Ödəniş cədvəli” əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Əmtəə (əşya) müqavilə bağlandıqdan sonra 1 (bir) gün ərzində “Satıcı” tərəfindən “Alıcı”nın istifadəsinə və faktiki sahibliyinə verir. Əmtəə (əşya) “Alıcı”ya təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilədə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq, ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq, gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. 11 iyul 2023-cü il tarixli, 002 nömrəli İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış faktorinq müqaviləsindən görünür ki, Müştəri ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) siyahısı və ümumi dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilən üçüncü şəxslərə (bundan sonra – borclulara”) qarşı əşyanın nisyə alqı-satqı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini (bundan sonra “borc tələbi”) Faktora (İddiaçı) güzəşt etməyi, Faktor isə bunun müqabilində Müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini Müştəriyə ödəməyi öhdəsinə götürür. Bu müqavilə üzrə müştəri tərəfindən Faktora güzəşt edilən pul tələblərinin və borcluların siyahısı, onların miqdarı və digər eyniləşdirmə əlamətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə Cavabdeh Trimmer Braun 3020; Proqramçı xidməti; İphone Xs 64 İmei: **********57379 İmei2: **********54636 təhvil verilmişdir. 20 noyabr 2023-cü il tarixli, 00006359/23 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 20 noyabr 2023-cü il tarixinə 1200 (bir min iki yüz) manat əsas, 120 (bir yüz iyirmi) manat cərimə borcu olmaqla, cəmi 1320 (bir min üç yüz iyirmi) manat borcu vardır. 11 iyul 2023-cü il tarixli, 00006359/23 nömrəli WTCN-006359 saylı alqı-satqı müqaviləsinə Əlavə N 1-dən görünür ki, alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt 12 noyabr 2019-cu il tarixli, WTCN-006359 saylı alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçınə güzəşt edilir. Xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, Cavabdeh ilə satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 12 noyabr 2019-cu il tarixli, WTCN-006359 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilə predmeti olan əşyanı cavabdehə vermiş, lakin cavabdeh əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Nisyə alqı-satqı müqaviləsi üzrə satıcının alıcıya qarşı tələb hüququ faktorinq müqaviləsi əsasında İddiaçınə güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçı malın qiymətinin qalan hissəsinin ödənilməsini və cərimə borcunu tələb etmişdir. Lakin, Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin 27 fevral 2024-cü il tarixində keçirilən hazırlıq iclasında ərizə verərək, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü odur ki, mülki iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə qeyd edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilsə də yəni, 11 iyul 2023cü il tarixində faktorinq müqaviləsi bağlansa da, nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya güzəşt edildiyindən, o cümlədən nisyə alqı-satqı müqaviləsinin isə 12 noyabr 2019-cu il tarixində 9 ay müddətinə bağlanıldığından 12 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixində başlanmışdır. Həmin müddətdən bəri isə iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Lakin iş materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2020-ci il tarixindən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1472/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1472/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver