Məhkəmə qərarları › İş №e-2(125)-1540/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1540/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1540/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC-nin xeyrinə cavabdehlərdən müştərək qaydada 2125,74 manat əsas borc, 108 manat faiz borcu olmaqla, cəmi 2233,74 manat və dövlət rüsumu kimi ödənilmiş 43 manat məbləğində pulun tutularaq, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh2 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı arasında xx.xx.2019-cu il tarixli, L-BK- 0050449-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 2125,74 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK-00026581saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən heç bir ödəniş olmamışdır. Hal hazırda cavabdehin əsas məbləğ üzrə 2125,74 manat, faiz borcu üzrə 108 manat olmaqla, cəmi 2233,74 manat məbləğində kredit borcunun olduğu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh2 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 2125,74 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmaqdıqda, kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin əlavəsi olan ödəniş qrafikində borclunun xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə qədər hər ay 1,83 manat faiz ödəməsi, xx.xx.2021-ci il tarixdən etibarən isə hər ay 45 manat əsas və faiz borcunun birgə ödənişini etməsi nəzərdə tutulmuşdur. 28 dekabr 2019-ci il tarixli, BK-00026581 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. 31 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F saylı kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir, onun müqavilə üzrə 2125,74 manat əsas borc, 108 manat faiz borcu olmaqla, cəmi 2233,74 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 müqavilə üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Buna görə də iddiaçının müqaviləni ləğv etmək, borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə, qeyd edilməlidir ki, iddiaçı tərəfindən kredit məbləği üçün tələb edilən faizlərin miqdarı düzgün hesablanmamışdır. Hazırkı müqavilənin şərtlərinə görə borclu kreditora istifadəsində qalan əsas pul məbləğinin illik bir faizinin bir ay üçün hissəsini əsas borcun bir hissəsi ilə birlikdə qaytarılması öhdəliyini daşıyır. Beləliklə hazırkı faiz öhdəliyi vaxtaşırı icra edilməli öhdəlikdir. Hər ay üçün faizin ödənilməsi öhdəliyi qrafikdə müəyyən edilmiş tarixdə yaranır. Borclu aldığı 2125,74 manat puldan heç bir ödəniş etməmişdir. Buna görə də borclunun hər ay üçün eyni miqdarda, 2125,74 manat pulun illik bir faizinin 12 aya bölünməsi yolu ilə əldə edilən məbləğdə, yəni 1,77 manat faiz borcu yaranmışdır. Ödəniş qrafikinə əsasən borclunun indiki tarixə 38 ay üçün vaxtı çatmış və icra edilməmiş 67,32 manat faiz borcunun olduğu müəyyən olunur. Faiz borcunun nəyə əsasən 108 manat hesablanması nə iddia ərizəsindən, nə də təqdim edilmiş sənədlərdən müəyyən edilmir. Buna görə də faiz borcunun 67,32 manatdan artıq olan hissədə tutulması hissəsində iddia əsassızdır. Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən iddiaçının hər iki cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən kredit müqaviləsi üzrə 2125,74 manat əsas borc, 67,32 manat faiz borcu olmaqla, cəmi 2193,06 manat pul müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 43 manat dövlət rüsumunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2125,74 manat əsas borc, 67,32 manat faiz borcu olmaqla, cəmi 2193,06 manat (iki min yüz doxsan üç manat, altı qəpik) pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat pul tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar