Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-155/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdeh, eyni zamanda digər Cavabdeh1 Kamil qızının nümayəndəsi Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Kamil qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 Kamil qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8976 manat əsas, 669 manat faiz və 225 manat cərimə olmaqla, cəmi 9870 manat kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119,10 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı BOKT "xxxx" MMC (kreditor) ilə Cavabdeh1 Kamil qızı (borcalan) arasında 19132/11 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı MMC 23000 manat məbləğində krediti 36 ay müddətinə azalan balansla illik 26 faiz ödəmək şərtilə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək (həmin tarix də daxil olmaqla) hər ay 927 manat, sonuncu ay 915,67 manat ödənilməli idi. Borcalanın öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 (zamin) və Cavabdeh3 (zamin) arasında müvafiq olaraq 19132/11 nömrəli, xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən zaminlər Borcalanın iddiaçı qarşısında öhdəliyinin yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı iddia ərizəsində göstərmişdir ki, borcalan müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Borcalana borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişdir. Nəticədə, cavabdehlərin iddiaçı MMC-yə 8976 manat əsas, 669 manat faiz və 225 manat cərimə borcu olmaqla, cəmi 9870 (doqquz min səkkiz yüz yetmiş) manat borcu yaranmışdır. Odur ki, iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olmadığını bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, Cavabdeh1 Kamil qızına (borcalana) 23000 manat kredit verilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri, eyni zamanda borcalanla qızıl-zinət əşyalarının girovu müqaviləsi bağlanıbdır. Lakin cavabdehlər müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Borcalanın etibarnamə üzrə nümayəndəsi olan digər Cavabdeh3 iştirakı ilə qızıl zinət əşyaları 18500 manat məbləğində dəyərləndirilərək borcdan çıxılmışdır, hazırda isə cavabdehlərdən qalan borcun ödənilməsi tələb edilir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda digər Cavabdeh1 Kamil qızının nümayəndəsi (anası) Cavabdeh3 ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə etdi ki, qızıl satılaraq dəyəri borcdan çıxılmış, borc artıqlaması ilə qaytarılsa da, yenə də iddiaçı tərəfindən 9870 manat borc tələb edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ekspert rəyi ilə razı olduğunu bildirərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə etdi ki, qızıl zinət əşyaları satılarkən onun xəbəri olmayıb, qızılın dəyəri düzgün hesablanmayaraq əslində 45000 manat dəyəri olan qızıl zinət əşyaları 18500 manat məbləğində qiymətləndirilərək borcdan çıxılmışdır. Hesab edir ki, hazırkı halda, iddiaçı tərəfindən borc ondan tələb edilməməlidir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı MMC ilə borcalan arasında bağlanmış 19132/11 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə, kredit üzrə ödəniş cədvəlinə və məxaric qəbzinə əsasən iddiaçı MMC borcalana 36 ay müddətinə, azalan balansla illik 26 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, krediti və onun faizlərinin ödənilməsi dövrlərini ən az 2 dəfə beş təqvim günündən çox pozduqda müqavilənin vaxtından əvvəl icra edilməsini və kreditalanın müqavilə üzrə kreditverənə olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək kreditverənin hüququdur. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 Kamil qızının 19132/11 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti üzərinə götürmüşlər. Müqavilə üzrə borcalan tərəfindən ödənişlər qismən aparılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 19132/11 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə borcalanın iddiaçı MMC-yə olan borcu əsas məbləğ üzrə 8976 manat, faiz məbləği üzrə 669 manat, dəbbə üzrə 225 manat olmaqla, cəmi 9870 manat təşkil edir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/7705 nömrəli, 20 noyabr 2023-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 04 fevral 2021-ci il tarixli, 19132/11 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 Kamil qızının iddiaçı "xxxx" BOKT MMC-yə xx.xx.2023-cü il tarixə olan borcu 3815,87 manat məbləğində, o cümlədən əsas borc üzrə 2528,46 manat, faiz borcu üzrə 1287,41 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabı) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borcalan, eləcə də zaminlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan və zaminlər isə kredit və zaminlik müqavilələri ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, tam yerinə yetirməmişlər. Tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduqlarından, borcun ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 “onun xəbəri olmadan girov predmeti olan qızıl-zinət əşyalarının satılması və qızılın dəyərinin düzgün hesablanmaması” barədə izahatına mübasibətdə məhkəmə qeyd edir ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması halları, yəni kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar hazırkı iş üzrə müəyyən edilməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq cavabdehlərdən tutulmalı, bu zaman faiz borcu hissədə Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdehlər tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin müqavilə üzrə 200 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2528,46 manat əsas borc, 669 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 3397,46 manat iddiaçı BOKT “X3 Azərbaycan” MMC-nin xeyrinə tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsi - 53,97 manat və 0,40 bank xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməli, həmçinin ekspertiza xərci də cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Kamil qızından, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2528,46 manat əsas borc, 669 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 3397,46 (üç min üç yüz doxsan yeddi manat qırx altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 54,37 (əlli dörd manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri kimi hesablanmış 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 Kamil qızından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-155/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-155/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver