Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-158/2024 13.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 29 iyul 2019-cu il tarixli, 800821-160992/10 saylı güzəştli kredit müqaviləsi üzrə 3543,62 manat məbləğində əsas borc və 42,02 manat faiz borcu, ümumilikdə 3585,64 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alnması üçün köçürülmüş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 46,45 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 56,25 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 6-cı döngə, 4 saylı fərdi yaşayış evinə (76,9 kv.m) yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan 10 gün sonra Cavabdeh2 və Cavabdeh1 tərəfindən həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclaslarında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ödəniş aparıldığını bildirmiş və məhkəməyə iddia tələbinin həcminin azaldılması – iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək Cavabdeh2 həmin kredit müqaviləsi üzrə 3413,86 manat məbləğində əsas borc və 40,60 manat faiz borcu, ümumilikdə 3454,46 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15,68 manat dövlət rüsumu və 30,77 manat xidmət haqqı olmaqla, cəmi 46,45 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 56,25 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 6-cı döngə, 4 saylı fərdi yaşayış evinə (76,9 kv.m) yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Gəncə filialı ilə Cavabdeh2 arasında 29 iyul 2019-cu il tarixli, 800821-160992/10 nömrəli güzəştli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 1 faiz dərəcəsi ilə, 60 ay müddətinə 6246,60 manat məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh1 və borcalan Cavabdeh2 arasında 29 iyul 2019-cu il tarixli, 800821-160992/10 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Banka girov qoyulmuş Cavabdeh1 tam mülkiyyətində olan və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2012) Bank qarşısında ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 6-cı döngə, 4 saylı fərdi yaşayış evi (ümumi sahə 76,9 kv.m) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq xx.xx.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyini yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməklə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcalan bundan heç bir nəticə çıxarmamışdır və yenə də kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli 001/007/4128/2023 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) ipoteka qoyana və borcalana poçt vasitəsilə təqdim edilmişdir. Cavabdehlərə qeyd edilən bildiriş rəsmi təqdim olunduqdan sonra xx.xx.2023-cü il tarixində verilmiş ərizə əsasında bildiriş dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyinə görə "xxxx" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Borcalan Cavabdeh2 20 may 2014-cü il tarixli 800850-014/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(043)-116/2018 nömrəli məhkəmə qətnaməsi üzrə Cavabdeh2 9470,53 manat məbləğində əsas borcu və 94,26 manat faiz borcu, 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 9594,79 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kredit borcu restrukturizasiya siyahısına düşmüşdür və xx.xx.2019-cu il tarixində 3223,93 manat məbləğində kompensasiya ödənilərək əsas borcdan silinmişdir. Fərmana əsasən kredit borcu üzrə faiz borc silinərək qalıq əsas borc üzrə 29 iyul 2019-cu il tarixli, 800821-160992/10 nömrəli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması – iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahat verdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, müəllim işləyir, 3 aydır ki, maaş ala bilmədiyindən ödəniş edə bilmir, əslində borcu ödənilib, yalnız faiz hissəsi qalıb, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 isə digər cavabdeh ilə eyni məzmunlu izahat verdi. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında həyat yoldaşı digər Cavabdeh1 onkoloji xəstə olması ilə əlaqədar müayinələr götürdüyü üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1-ci bəndinə və hesabdan çıxarışa əsasən Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan kredit borcunun 6246,60 manat qalıq məbləğinin, 60 ay müddətinə, faizlər hər ay ödənilməklə əsas borcun ödənilməsinə 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə qaytarılmasını borcalanla razılaşdırmış, borcalan kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə görə sözügedən kredit müqaviləsi üzrə 60 ay müddətinə, xx.xx.2024-cü il tarixədək ilk 12 ay 5,21 manat olmaqla, sonrakı aylar 132,81 manat (sonuncu ay 132,82 manat) ödənilməli idi. Müqavilənin 3.8-ci bəndinə görə bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır – a) dəbbə pulu, b) vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, c) vaxtı keçmiş və gecikdirilmiş əsas borc, d) faiz borcu, e) əsas borc. Müqavilənin 4.1.1-ci bəndinə əsasən müştərinin əmlak vəziyyətli əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə bu kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə, bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Müqavilənin 4.1.2-ci bəndinə əsasən bu kredit müqavilənin 4.1.1-ci yarımbəndində göstərilən hallarda Bank, bağlanacaq təminat müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin icrasını, təminat predmetinə tutma yönəldilməsi yolu ilə və ya Müştərinin digər əmlakları hesabına, təminat qismində zaminlik, girov və s. çıxış etdikdə isə habelə öhdəliyin icrasını zamindən, girov qoyandan və s. şəxslərdən tələb edə bilər. Müqavilənin 4.1.5-ci bəndinə əsasən kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Müştəridən tələb edə bilər. Müqavilənin 5.3-cü bəndinə əsasən kredit öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanan dəbbə pulu, gecikdirilən əsas borc qalığı məbləğinə borcun gecikmədə olduğu günlər üçün hesablanır. Müştəri borcların ödənilməsini gecikdirildiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında hər il üçün 0,02 faiz olmaqla, 5 il müddətinə 0,1 faiz dəbbə pulu ödəyir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********69-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2012-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X3 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyətdə olmaqla, Cavabdeh1 adına qeydə alınmışdır. Cavabdeh2 Gəncə şəhəri 3 saylı notariat ofisi tərəfindən 8İ-2180 reyestr nömrəsi ilə təsdiqlənmiş xx.xx.2019-cu il tarixli, **********180 nömrəli ərizəsindən görünür ki, o arvadı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, seriya MN 0337808, reyestr nömrəsi **********69-10301, daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır) sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmasına razılıq vermiş, sonrakı ipotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldildikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi dairəsi tərəfindən qeydiyyata alınmış, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli sonrakı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yenidən yüklü edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********69-10301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X3 küçəsi, 6cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli kredit müqaviləsi üzrə 60 ay müddətinə, xx.xx.2019-xx.xx.2024-cü il tarixədək İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs isə Cavabdeh1 olmuşdur. Borcalana ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcalana xx.xx.2022-ci il tarixə olan vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq ödənilməsi tələb olunmuş, borcu ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Həmin xəbərdarlıq borcalanın ünvanına göndərilmiş, xəbərdarlığın borcalan tərəfindən xx.xx.2022-ci il tarixdə qəbzə imza edilməklə götürülməsini təsdiq edən xəbərnamənin surəti iş materiallarına əlavə edilmişdir. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 001/007/4128/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, öhdəliklər vaxtında icra edilmədiyindən cavabdehlərə 29 iyul 2019-cu il tarixli, 800821-160992/10 nömrəli güzəştli kredit müqaviləsi üzrə borcun olduğu bildirilmiş, bildirişi aldıqları gündən sonrakı 3 iş günü ərzində, borcun ödənilməsi təmin olunmazsa, cavabdehlərə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.2.3-cü maddəsinə əsasən notariat qaydasında razılaşmanın məhkəməyə müraciət edilmədən bağlanması üçün Banka gəlmələri barədə xəbərdarlıq edilmiş, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış “bildirişin dövlət qeydiyyatına alınması haqqında” ərizədən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmiş, bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ayrılıqda 30 manat və 15 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2023-cü il tarixə Banka 3543,62 manat əsas borc və 42,02 manat faiz borcu olmaqla, cəmi 3585,64 manat borcu yaranmış, kredit müqaviləsi üzrə gecikmə 396 gün təşkil edir. İş materiallarında olan AZ-İ seriyalı, 164781 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X1 arasında olan nikah xx.xx.2005-ci il tarixdə, 506 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP-258/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X3 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin müqayisə yanaşması ilə hazırkı bazar qiyməti 60000 manat, likvid qiyməti 57000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdehlər isə məhkəmə iclasında iştirak etsələr də, məhkəməyə iddia tələbini təkzib edəcək, bankın hesabladığı əsas və faiz borcunun məbləğini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Gəncə şəhəri, X3 küçəsi, 6-cı döngə, 4 ünvanında yerləşən 0,0572 ha torpaq sahəsi və onun üzərindəki (76,9 kv.m) fərdi yaşayış evə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı həm qiymətləndirilmə təyin edilmişdir. Mütəxəssis rəyi ilə ipoteka predmetinin bazar qiyməti 60000 manat, likvid qiyməti 57000 manat olması müəyyən olunmuşdur. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 56,25 manat dövlət rusumu Cavabdeh2 tutulmalıdır. İş materiallarında olan mütəxəssis mülahizəsi üzrə xərcə dair bildirişdən görünür ki, hazırki iş üzrə qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis mülahizəsinə görə qiymətləndirmə xərci – 300 manat da Cavabdeh2 aid edilməlidir. Məhkəmə həmçinin MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat xərc də Cavabdeh2 alınmalı və iddiaçı banka ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 800821-160992/10 nömrəli kredit müqaviləsi üzrə 3413,86 manat əsas borc və 40,60 manat faiz borcu olmaqla, cəmi 3454,46 (üç min dörd yüz əlli dörd manat qırx altı qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alnması ilə əlaqədar çəkilmiş cəmi 45 (qırx beş) manat xərc və 56,25 (əlli altı manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan Gəncə şəhəri, X3 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, X3 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evi açıq hərracdan satılsın və fərdi yaşayış evinin satışından əldə olunacaq vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, X3 küçəsi, 6-cı döngə, 4 ünvanda 0,0572 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,9 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid) 57000 manat müəyyən edilsin. İş üzrə təyin edilmiş qiymətləndirmə xərci olaraq Cavabdeh2 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-158/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-158/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver