Məhkəmə qərarları › İş №e-2(125)-1595/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1595/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1595/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 81,8 (səksən bir manat səksən qəpik) AZN əsas borc, 0,07 (yeddi qəpik) AZN faiz, 0 (sıfır) AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 81,87 (səksən bir səksən yeddi) AZN borcun, 0,40 (qırx qəpik) AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) AZN məbləğində vəsaitin tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 18 faizədək olmaq şərtilə xx.xx.2024 müddətinə, 409 AZN kredit təyin edilmişdir. Kreditin məqsədli təyinatı: xx.xx.2022 tarixli 203sKPZb/22 nömrəli müqaviləsinin bağlanılması, məbləğ 403,6 AZN. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 dekabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 81,8 AZN əsas,0,07 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 81,87 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 18 faizədək olmaq şərtilə xx.xx.2024 müddətinə, 409 AZN kredit təyin edilmişdir. 25 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 25 dekabr 2024-cü il tarixə borcalan Cavabdeh 192nkKPZ/23 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcu 81,8 AZN əsas borc, 0,07 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 81,87 AZN müəyyən edilmişdir. 8 avqust 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. İddiaçının iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Lakin iddiaçı cavabdehdən faiz borcuna görə cəmi 0,07 (yeddi qəpik) AZN tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ cüzi olmaqla, məhz yeddi qəpik faiz borcunun necə yaranmasına (hesablanmasına) dair işdə hər hansı sübut yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, yeddi qəpik faiz borcunun tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, 0,40 (qırx qəpik) AZN xidmət haqqı və 30 (otuz) AZN dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 81,8 (səksən bir manat səksən qəpik) AZN əsas borc, 0,40 (qırx qəpik) AZN xidmət haqqı və 30 (otuz) AZN dövlət rüsumu tutularaq, iddiaçıya verilməli, iddia tələbi cavabdehdən yeddi qəpik faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 81,8 (səksən bir manat səksən qəpik) AZN əsas borc, 0,40 (qırx qəpik) AZN xidmət haqqı və 30 (otuz) AZN dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi cavabdehdən yeddi qəpik faiz borcunun tutulması hissəsində təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar