Məhkəmə qərarları › İş №e-2(125)-161/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-161/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-161/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Qazax filialı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 3651,36 manat əsas, 183,15 manat faiz, 138,45 manat cərimə borcu olmaqla, cəmi borcu 3972,96 manat məbləğində borcun və ödənilmiş 59,73 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin “Qazax” filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanaraq cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 17,5% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərilərinə düşən öhdəliyi icra etməmişdirlər. Nəticədə Cavabdeh2 İddiaçı ASC-yə 3651,36 manat əsas borcu qalmış, 183,15 manat faiz borcu hesablansa da ekspert rəyindən sonra məlum olmuşdur ki, faiz borcu 364,75 manat təşkil edir. İddianın təmin edilərək 3651,36 manat əsas borcun, 364,75 manat faiz borcun və 138,45 manat cərimənin və 61,55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabddehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 17,5% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, İK-129392/22-PK nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 kredit borcunu xx.xx.2025-ci ilə qədər hissəhissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı ASCdən 4000 manat pulu qəbul etmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, İK İK- 129392/22-PK nömrəli kredit müqaviləsi üzrə 3651,36 manat əsas borc, 364,75 manat faiz borcu, 138,45 manat cərimə olmaqla ümumilikdə, 4154,56 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7511 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2023-cü il tarixə olan əsas borcu 3624,84 manat, faiz borcu isə 364,75 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC-nin “Qazax” filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 17,5% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, İK-129392/22-PK nömrəli zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə Cavabdeh1 borcalan Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdehlər aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdirlər. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə müqavilənin şərtlərini pozmuşdurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin faiz və cərimə borcunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, faiz və cərimə borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlərə bildiriş verərək müqavilə üzrə vaxtı çatmamış borcun bütövlükdə geri qaytarılmasını tələb etməklə müqaviləni ləğv etməsinə baxmayaraq müqavilə ləğv olunduqdan sonra da faiz borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü l tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda qeyd olunur ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə üzrə faizi tələb edə bilməz. Odur ki, iddiaçı həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tələb olunan 138,45 manat cərimə məbləği azaldılaraq 8,45 manat həddində müəyyən edilməlidir. Kredit borcunun borcalan Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə borcun tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərdən xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsi üzrə 3624,84 manat əsas, 183,15 manat faiz və 8,45 manat cərimə olmaqla, cəmi 3816,79 (üç min səkkiz yüz on altı manat 79 qəpik) manat kredit borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 58,16 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 216,5, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli, İK İK-129392/22-PK nömrəli kredit müqaviləsi üzrə 3624,84 manat əsas, 183,15 manat faiz və 8,45 manat cərimə olmaqla, cəmi 3816,79 (üç min səkkiz yüz on altı manat 79 qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,16 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar