Məhkəmə qərarları › İş №e-2(125)-1612/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1612/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1612/2023 02.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC, xx.xx.2020-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 3177,26 manat, faiz borcu üzrə 485,38 manat, cərimə üzrə 80 manat olmaqla, cəmi 3742,64 manat pul vəsaitinin və 57,83 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı BOKT "xxxx" MMC (bundan sonra – iddiaçı və ya iddiaçı MMC) ilə Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 25933 nömrəli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Borcalana 36 ay müddətində azalan balansla illik 28 faiz maraq faizi tətbiq etməklə 7200 manat məbləğində "xxxx" krediti vermişdir. Həmçinin, iddiaçı MMC ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında müvafiq olaraq xx.xx.2020-ci il tarixli, 25933 nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilələrin şərtlərinə əsasən zaminlər, sözügedən kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında Borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. Ödəniş cədvəli əsasında Borcalan birinci ay 442 manat, sonrakı aylar - xx.xx.2023-cü il tarixədək hər ay 298 manat və sonuncu ay 291,38 manat ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə ödənişlər qismən aparılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlər üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişlər və nəticədə cavabdehlərin iddiaçı MMC-yə 3177,26 manat əsas borcu, 485,38 manat faiz borcu və 80 manat cərimə olmaqla, cəmi 3742,64 manat borcu yaranmışdır. Cavabdehlərin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq reyestrin surəti və xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı MMC ilə Borcalan arasında bağlanmış kredit müqaviləsinə əsasən Borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Borclan müvafiq olaraq krediti və onun faizlərinin ödənilməsi dövrlərini ən az 2 dəfə beş təqvim günündən çox pozduqda; Borcalanın maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə Borcverən müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Borcalanın 25933 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə iddiaçı MMC-yə 3177,26 manat əsas borcu, 485,38 manat faiz borcu və 80 manat cərimə olmaqla, cəmi 3742,64 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borclarının olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq məcburi tədbirlərdən istifadə ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə Maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Maddə 472.1). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq müvafiq kredit və zaminlik müqavilələri bağlanmışdır. İddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini Borcalana vermişdir və sonuncu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduqlarından, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 57,83 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2020-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən müştərək qaydada 3177,26 manat əsas borc, 485,38 manat faiz borcu və 80 manat cərimə olmaqla, cəmi 3742,64 (üç min yeddi yüz qırx iki manat, altmış dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 57,83 (əlli yeddi manat, səksən üç qəpik) manat pul alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar