Məhkəmə qərarları › İş №e-2(125)-1618/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1618/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1618/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 və X2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Əsgərov Əli Heydər oğlu (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 13-xx-xx-088958 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 1645.55 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə vəfat edən Əsgərov Əli Heydər oğlunun vərəsələri Cavabdeh2 və X3r. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, Əsgərov Əli Heydər oğlunun xx.xx.2019-cu il tarixli, 13-xx-xx-088958 saylı kredit müqaviləsinə əsasən Banka 1477.18 manat əsas borc və 22.90 manat faiz borcu olmaqla, cəmi 1500.08 manat borc hesablanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1477.18 manat əsas borc və 22.90 manat faiz borcu olmaqla, cəmi 1500.08 manat borcun və 36 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 13-xx-xx- 088958 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1477.18 manat əsas borc və 22.90 manat faiz borcu olmaqla, cəmi 1500.08 manat borcu vardır. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Əsgərov Əli Heydər oğlunun vərəsələri- Cavabdeh2 və X3r. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, digər cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçı isə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum Əsgərov Əli Heydər oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 1645.55 manat məbləğində kredit verilmişdir. Lakin, Əsgərov Əli Heydər oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 1500.08 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Əsgərov Əli Heydər oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Əsgərov Əli Heydər oğlu öldükdən sonra onun arvadı və qızı– hazırki iş üzrə Cavabdeh2 və X4 vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş və bu barədə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsə mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum Əsgərov Əli Heydər oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – arvadı Cavabdeh2 və qızı X1 tələb etməkdə haqlıdır. Odur ki, kredit müqavilə üzrə yaranmış 1500.08 manat borc və 36 manat dövlət rüsumundan ibarət pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 13-xx-xx-088958 nömrəli kredit müqaviləsi üzrə 1477.18 manat əsas borc və 22.90 manat faiz borcu olmaqla, cəmi 1500 (bir min beş yüz) manat 08 (səkkiz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat pul müştərək qaydada cavabdehlər Cavabdeh2 və X1 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar