Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1621/2022 08.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı A.F Group MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı A.F Group MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1130 manat məbləğində vurulmuş zərər və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı A.F Group MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə əlavə olaraq elə həmin tarixdə tam maddi məsuliyyət barədə müqavilə imzalanmışdır. xx.xx.2022-ci ildə Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə 1130 manat məbləğində ziyan vurmuş və bu ziyan A.F Group MMC tərəfindən qarşılanmışdır və Cavabdeh bunu yazılı etiraf edərək 1 (bir) ay müddətinə ödəyəcəyinə söz vermişdir. Lakin borclu öz ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə azad edilmiş və bu günə kimi müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafeylərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi mənəvi məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş daşınar əmlakın qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürmüş, ona etibar edilmiş Toyota Prisu markalı avtomobilin qayğısına qalmağı, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı öhdəsinə götürmüşdür. Cavabdeh dəymiş maddi zərərin etirafı ərizəsindən görünür ki, 77DE608 qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobilə xx.xx.2022-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində 1130 manat zərər vurduğunu və dəymiş zərəri 1 ay müddətində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 10-cu maddəsinə əsasən əmək müqaviləsinə görə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımasıdır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş zərər üzrə 1130 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilərkən ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərər üzrə 1130 (bir min bir yüz otuz) manat pul, ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(125)-1621/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1621/2022
08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver