Məhkəmə qərarları › İş №e-2(125)-1632/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1632/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1632/2022 23.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 17 yanvar 2022-ci il tarixli, GNLMB-11691 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.050 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 221 manat 13 qəpik, cərimə qismində 341 manat 31 qəpik, cəmi 1.612 manat 95 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 43 manat 49 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin girov predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 15 avqust 2022-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 17 yanvar 2022-ci il tarixli, GNLMB-11691 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.050 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 221 manat 13 qəpik, cərimə qismində 341 manat 31 qəpik, cəmi 1.612 manat 95 qəpik və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 43 manat 49 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin 17 yanvar 2022-ci il tarixli, GNLMB-11691 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh tərəfindən girov qoyulmuş çəkisi 12,1 qram olan 583 əyarlı 1 ədəd sep-klondan, çəkisi 8 qram olan 583 əyarlı 1 ədəd sırğadan, çəkisi 17,7 qram olan 583 əyarlı 4 ədəd üzükdən, çəkisi 6,5 qram olan 583 əyarlı saat-zaradan ibarət ümumi çəkisi 44,3 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ünvanına göndərilmiş 18 avqust 2022-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, GNLMB-11961 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh şəxsi istehlak məqsədi ilə 2.200 manat məbəğində 24 ay müddətinə, illik 30 faiz ödənilməsi şərti ilə təminatlı borc verməyi, Cavabdeh isə aldığı borcu həmin müqavilədə və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş şərtlərlə qaytarmağı və həmin müqavilə ilə şərtləşdirilmiş miqdarda kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 17 yanvar 2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 17 yanvar 2022-ci il tarixdə 2.200 manat məbləğində pul vəsaitini İddiaçı açıq səhmdar cəmiyyətindən təhvil almışdır. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli, GNLMB-11961 nömrəli saxlanc girovu haqqında haqqında müqavilənin, eyni tarixli və eyni nömrəli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktın, 17 yanvar 2022-ci il tarixli razılıq ərizəsinin və saxlanc girocunun qiymətləndirilməsinə dair əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh arasında bağlanmış 17 yanvar 2022-ci il tarixli, GNLMB-11961 saylı kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh özünə məxsus olan çəkisi 12,1 qram olan 583 əyarlı 1 ədəd sep-klondan, çəkisi 8 qram olan 583 əyarlı 1 ədəd sırğadan, çəkisi 17,7 qram olan 583 əyarlı 4 ədəd üzükdən, çəkisi 6,5 qram olan 583 əyarlı saat-zaradan ibarət ümumi çəkisi 44,3 qram olan qızıl-zinət əşyalarını girovla yüklü etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə əsas borc qismində 1.050 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 221 manat 13 qəpik borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını və kreditorun əmlak mənafelərini, o cümlədən ödənilmiş kreditin məbləğini, iddiaçının və cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh hesablanmış cəmi 341 manat 31 qəpik məbləğində cərimə tənasübsüz surətdə yüksək məbləğ sayılmalı və həmin məbləğ azaldılaraq cavabdehdən cərimə qismində cəmi 30 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Həmin Məcəllənin 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəb¬lərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcu ilə yanaşı cərimənin cavabdehdən tutulmasını, tələb üzrə tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 17 yanvar 2022-ci il tarixli, GNLMB-11691 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.050 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 221 manat 13 qəpik, cərimə qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma girov predmeti olan, cavabdehə məxsus çəkisi 12,1 qram olan 583 əyarlı 1 ədəd sep-klondan, çəkisi 8 qram olan 583 əyarlı 1 ədəd sırğadan, çəkisi 17,7 qram olan 583 əyarlı 4 ədəd üzükdən, çəkisi 6,5 qram olan 583 əyarlı saat-zaradan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat 49 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 17 yanvar 2022-ci il tarixli, GNLMB-11691saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.050 (bir min əlli) manat 51 (əlli bir) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 221 (iki yüz iyirmi bir) manat 13 (on üç) qəpik, cərimə qismində 30 (otuz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat 49 (qırx doqquz) qəpik, cəmi 1.345 (bir min üç yüz qırx beş) manat 13 (on üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma girov predmeti olan Cavabdeh məxsus çəkisi 12,1 qram olan 583 əyarlı 1 ədəd sep-klondan, çəkisi 8 qram olan 583 əyarlı 1 ədəd sırğadan, çəkisi 17,7 qram olan 583 əyarlı 4 ədəd üzükdən, çəkisi 6,5 qram olan 583 əyarlı saat-zaradan ibarət qızıl-zinət əşyalarına yönəldilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borc Cavabdeh ümumi qaydada tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar