Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1639/2024 27.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat borc pulun və dövlət rüsumu əvəzinə ödədiyi 70 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə sadə yazılı “borc müqaviləsi” bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan 10000 manat məbləğində borc almış, borcunu borcverənin, yəni iddiaçının istədiyi vaxt ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayır. O tanıdığı və münasibətdə olduğu cavabdehin xahişini nəzərə alaraq ehtiyac olduğu üçün, qaytarmaq şərti ilə xx.xx.2021-ci il tarixli müqavilə ilə cavabdehə 10000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcundan 5000 manatını ödəmişdir. Borclu qaldığı 5000 manatı isə iddiaçının dəfələrlə istəməyinə baxmayaraq cavabdeh iddiaçını aldadır, ödəmir, ona yalan vədlər verir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edərək sözügedən borc müqaviləsini bağladığını, borcunu qaytardığını bildirmiş, bununla bağlı banka müvafiq sorğu verilməsini xahiş etmiş, lakin məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “borc müqaviləsi” adlanan xx.xx.2021-ci il tarixli sadə yazılı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixli yazılı kredit müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən 10000 manat pulun istənilən vaxt qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı çatmışdır. İddiaçı yazılı müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh həmin müqaviləni bağladığını və imzaladığını qeyd etsə də əslində borcunu tam olaraq qaytardığını bildirmiş, lakin bu qeyd etdiklərini təsdiq edən, o cümlədən iddianı aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Cavabdehin vəsatəti əsasında Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1639/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.1973-cü ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Ağcabədi rayonu, Hindarx qəsəbə ərazi dairəsi, Hindarx qəsəbəsi ünvanında qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi: AA 5108893, FİN - xxxxxxx) İddiaçı və xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Pokrovka kəndində anadan olmuş, Gəncə şəhəri, N nömrəli hərbi hissə ünvanında qeydiyyatda olan (şəxsiyyət vəsiqəsi: AZE ********, FİN - xxxxxxx) Cavabdeh adlarına "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək bank hesabının olub-olmaması, əgər vardırsa həmin dövr üzrə həmin hesabda olan pulun dövriyyəsi barədə məlumatlar "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürülməsi qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 6-2-41/2-17034/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1639/2024 saylı qərarı ilə əlaqədar, İddiaçı adına xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Yevlax filialında açılmış AZ7418AZ******************** saylı bank hesabı (qeyd olunan dövr ərzində hesab üzrə əməliyyat aparılmamışdır və hesab hal-hazırda bağlıdır) və xx.xx.2019-cu il tarixdə Bankın Bərdə filialında açılmış AZ661BAZ******************** saylı bank hesabı üzrə (qeyd olunan dövr ərzində hesab üzrə əməliyyat aparılmamışdır və hesab hal-hazırda bağlıdır), həmçinin Cavabdeh adına xx.xx.2019-cu il tarixdə Bankın Yevlax filialında açılmış AZ431BAZ******************** saylı əmək haqqı hesabı, Tərtər filialında xx.xx.2020-ci il tarixdə açılmış AZ6118AZ******************** saylı kredit hesabı, xx.xx.2022-ci il tarixdə açılmış AZ551BAZ******************** saylı cari bank hesabı, AZ961BAZ******************** saylı cari bank hesabı və xx.xx.2022-ci il tarixdə açılmış AZ091BAZ********************9 saylı pensiya hesabı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə aparılmış əməliyyatlara dair çıxarışlar məhkəməyə təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filianın 559 nömrəli, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, məktubda qeyd olunan İddiaçı adına bankda heç bir aktiv hesabı mövcud deyil, Cavabdeh adına aktiv olan hesabların çıxarışları məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı adına heç bir aktiv bank hesabı mövcud olmamışdır. Bu isə onu göstərir ki, cavabdehin iddiaçıya olan borcunu bank kartı vasitəsilə qaytarması sübut olunmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməli, 5000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1639/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1639/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver