Məhkəmə qərarları › İş №e-2(125)-1648/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1648/2025

22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1648/2025 22.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya vurulmuş 11325,98 manat maddi zərərin, 2000 manat hüquqi yardım xərcinin və 130 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2019cu ildə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh ərazi satışları şöbəsində ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını kobud şəkildə pozmuş, iddiaçıya xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, çalışdığı müddətdə müştərilərdən sifarişləri qəbul etmiş, həmin malları həmin müştərilərə deyil, digər özünə yaxın məkanlara və şəxslərə yönləndirmişdir. Bu məsələ uzun zaman davam etmişdir. Bu məsələnin üstü açılanda isə özü izahat yazaraq etiraf etmiş, audit rəyi ilə məsələ təsdiqlənmişdir. Audit rəyi ilə məsələnin təsdiqindən sonra vurulmuş 11.325,98 manat maddi zərər ödənilmədiyi üçün cavabdehin əmək müqaviləsinə xx.xx.2022-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Həmin əmrdən cavabdeh şikayət verməmişdir. Hazırda cavabdehin səhlənkarlığı və əmək funksiyalarını pozmasına görə iddiaçı müəssisəyə dəymiş 11.325,98 manat maddi zərər ödənilməmişdir. Bu maddi zərər məbləğini cavabdehin özünün izahatı, audit rəyi və əmək müqaviləsinə xitam verilməsi barədə əmri və digər sənədlər birbaşa təsdiq edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, İddiaçı MMC beynəlxalq bir şirkət olmaqla Rusiya istehsalı olan ərzaq məhsullarının satışını həyata keçirməkdədir. Bu şirkətin bir çox regionlarda ticarət nümayəndələri vardır. Cavabdeh 2019-cu ilin avqust ayında şirkətdə ərazi satışları üzrə ticarət nümayəndəsi-nəzarətçi kimi işə götürülmüşdür. İşçinin əsas əmək funksiyaları məhsullarla bağlı sifarişləri toplamaq, həmin məhsulların lazım olan ünvanlara göndərilməsini təmin etmək, debitor borclara nəzarət etmək, sahibkarlarla görüşmək, məhsullarda qüsur varsa həmin qüsurları qeydə almaq və s. olmuşdur. Cavabdehin izahatında və audit rəyində göstərilmiş 8 müştəri hər birinin VÖENləri qeyd olunmaqla Gəncəbasar zonasında obyektləri olan sahibkarlardır. Həmin müştərilərin sifariş etdiyi məhsullar qeydə alınıb maşınlara yüklənərək ticarət nümayəndəsi olaraq cavabdehə təhvil verilmişdir ki, müvafiq ünvanlara çatdırılsın. Lakin cavabdehin sürücülərə göstərişi əsasında məhsullar cavabdehin tanışı olan şəxslər tərəfindən işlədilən fərqli obyektlərə çatdırılmışdır. 2021-ci ilin İİİ rübü üzrə üzləşmə aktları tərtib edilib sahibkarlara göndərildikdə, həmin 8 sahibkar göstərilən məhsulların onlara çatdırılmadığını bildirmişdir. Bundan sonra şirkətlə sahibkarlar arasında məhkəmə prosesləri olmuş, bir sıra araşdırmalardan sonra həqiqətən də məhsulların çatdırılmadığı məlum olmuşdur. Şirkət tərəfindən auditorlar cəlb olunmuş və onlar cavabdehin izahatı, eləcə də şirkətin maliyyə sənədlərinə əsasən rəy tərtib etmişdirlər. Bundan sonra cavabdehin izahatı alınmış, cavabdeh izahatında göstərilən halları etiraf etmiş və işə qayıtdıqdan sonra mübahisəni həll edəcəyini bildirmişdir. Oktyabr ayından iyun ayına kimi şəxsin işdən azad edilməməsinin səbəbi isə cavabdehin bülletendə olması və şirkətin cavabdehin işə qayıtdıqdan sonra vurduğu zərərin əvəzini ödəyəcəyini gözləməsi olmuşdur. Cavabdeh işə qayıtdıqdan sonra vurduğu zərəri ödəmədiyi üçün 2022-ci ilin iyun ayında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və əmək müqaviləsi cavabdehə təqdim edilmişdir. 3 il ərzində cavabdeh heç bir şikayət verməmiş, faktiki olaraq bütün bu hallarla razılaşmışdır. Cavabdehin şirkətə vurduğu ziyana görə məsuliyyət daşıdığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, şirkət ona necə göstəriş vermişdirsə, o cür işləmişdir. Heç bir mənimsəmə etməmişdir. Onun işlədiyi vaxtlarda şirkəti idarə edən Valeri adlı şəxs olmuşdur. Bütün proseslərdən onun xəbəri olmuşdur. 8 ay boyunca şirkət onun əmək müqaviləsini verməmiş, bu barədə ƏƏSMN-ə şikayət etdikdən sonra əmək müqaviləsini götürmüş, ancaq hansı maddə ilə işdən çıxarıldığına baxmamışdır. Məhkəmə prosesində bilmişdir ki, Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir, bu barədə şikayət edəcəkdir. İşdən çıxdığı vaxt satış müdiri ilə təhvil-təslim edib çıxmışdır. Həmin vaxt satış müdiri Abbas Həsənov olmuşdur. Çatdırılmalara həmin satış müdiri nəzarət etmişdir. O, sadəcə sifarişləri planşetə yazmışdır. Məhsulları paylayanlar başqa adamlar olmuşdur, onlar məhsulları paylayıb sahibkarlardan ya nəğd pul götürmüş, məhsul nisyə verildikdə isə ödəniş şirkətin bank hesabına köçürülmüşdür. O, istehlak müddəti bitmiş məhsullara nəzarət etmiş, 14 gün ödəniş müddəti keçəndən sonra ödənişlərlə maraqlanmışdır. Qalan məsələlərdən məlumatı yoxdur. Göstərilən mağazalar hamısı Qazax rayonunda fəaliyyət göstərir. Müdiriyyətin göstərişi ilə sifarişləri yazmışdır, daha sonra müdiriyyət hara demişdirsə, məhsullar ora çatdırılmışdır. Şirkət vergidən yayınmaq üçün bəzi mağazaların adını yazdırmamış, məhsulları başqa ünvana çatdırmışdır. Məhsulların şirkətdən çıxmasını belə görməmişdir. Sürücülər Elşad və Ələddin olmuşdur. Ona demişdirlər ki, “bizim üstümüzdə qalacaq, bizə problem yaradırlar.” Ondan xahiş etmələri nəticəsində izahat yazmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi müddətsiz olaraq bağlanılmaqla Cavabdeh İddiaçındə ərazi satışları şöbəsində ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. 0072851 nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli əmrə əsasən xx.xx.2019-cu ildə İddiaçındə satış şöbəsinə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 23K nömrəli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğu üçün) xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən Cavabdeh həmin tarixdə əmək kitabçasını təhvil almışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yazılı izahatın surətindən görünür ki, Cavabdeh izahatında X5 (1205,27), Leylabaşov Saqif Zeynal oğlu (773,21), X6 (2867,38), X1 (2179,64), X2 (2541,81), X4 (230) və X3 (1528,67) adlı müştərilərin sifərişlərini qeyd etdiyini, növbəti günlərdə həmin sifarişlər sürücü ekspeditor tərəfindən ünvana çatdırılan zaman həmin müştərilərə deyil, başqa şəxslərə verilməli olduğuna dair yönəltdiyini, bu halların bir neçə dəfə təkrar olunduğunu, işə girəndə bu cür təhvil aldığını və bu cür davam etdirdiyini, bu işdə sürücülər Abdullayev Ələddin və İbrahimov Elşadın heç bir günahları olmadığını, həmin sifarişlərin ödənişlərini sürücülərin götürmədiyini, xx.xx.2021-ci il tarixdən səhhəti ilə bağlı psixoloji dispanserdə rəsmi müalicədə olduğunu, müalicəsinin davam etdiyini, işə çıxdığı təqdirdə bu borclarla məşğul olacağını və ödənişlər etməyə başlayacağını göstərmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəyin surətindən görünür ki, ticarət nümayəndəsi Cavabdeh İddiaçı qarşısında xx.xx.2021-ci il tarixə həqiqətən də 11325,98 manat borc öhdəliyi mövcuddur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı tərəfindən 2000 manat məbləğində vəsait “Femida” Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanaraq Cavabdeh xx.xx.2019-cu ildə İddiaçındə satış şöbəsinə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, 23K nömrəli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən Cavabdeh həmin tarixdə əmək kitabçasını təhvil almışdır. İddiaçı iddia etmişdir ki, cavabdeh çalışdığı müddətdə müştərilərdən sifarişləri qəbul etmiş, həmin malları həmin müştərilərə deyil, digər özünə yaxın məkanlara və şəxslərə yönləndirmiş, 2021-ci ilin İİİ rübü üzrə üzləşmə aktları tərtib edilib sahibkarlara göndərildikdə, həmin sahibkarların göstərilən məhsulların onlara çatdırılmadığını bildirməsi nəticəsində məlum olmuşdur ki, həqiqətən məhsullar həmin müştərilərə çatdırılmamışdır. Cavabdeh izahatında göstərilən halları etiraf etmiş, həmçinin audit rəyi ilə də cavabdehin iddiaçıya 11325,98 manat məbləğində ziyan vurduğu təsdiq edilmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək müdiriyyətin ona göstəriş verdiyi kimi işlədiyini, sadəcə sifarişləri planşetə yazdığını, məhsulları paylayanların başqa adamlar olduğunu və çatdırılmalara satış müdirinin nəzarət etdiyini göstərərək iddiaya etiraz etmiş, etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra- Əmək Məcəlləsi) 191ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 11325,98 manat pul və hüquqi yardıma görə ödənilmiş 2000 manat xərc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 130 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Cavabdeh 11325,98 (on bir min üç yüz iyirmi beş manat 98 qəpik) manat məbləğində maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat xərc və iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minr. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar