Məhkəmə qərarları › İş №e-2(125)-1684/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1684/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1684/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, LPO İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə X2 (borcalan) arasında bağlanmış 06 iyul 2015-ci il tarixli, Gi15/051 nömrəli “Kredit kartın verilməsi və istifadəsi üzrə” müqaviləyə əsasən borcalana illik 27 faiz dərəcəsiylə 3000 ABŞ dolları məbləğində kredit xətti açılmış; eyni tərəflər arasında bağlanmış 06 iyul 2015-ci il tarixli, 15/051 saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə” Müqaviləyə dair xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavə sazişə əsasən, «Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə» ifadəsi « Kredit müqaviləsi» ifadəsi ilə dəyişdirilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 2961.23 ABŞ dolları təşkil edən qalığı kreditə çevrilmiş və illik 15 faiz dərəcəsiylə kreditin müddəti 24 ay uzadılmışdır, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. X2 xx.xx.2019-cu ildə vəfat etmişdir və Gəncə şəhər 2 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2V-222 və 2V-223 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras qoyanın vərəsələridir və miras əmlakı qəbul etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1707.14 ABŞ dolları əsas, 1072.53 ABŞ dolları faiz, 2742.55 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5984.22 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 120.52 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən yaranmış pul öhdəliyi miras kütləsini qəbul etmiş vərəsələri tərəfindən icra edilməlidir. Borcalanın xx.xx.2023-cü il tarixə tələb edilən məbləğdə kredit borcu hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/2582 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2016-cı il tarixli, KM007T07160012S01 saylı kredit müqaviləsinə əsasən, X1 xx.xx.2018-ci il tarixə 1701.07 ABŞ dolları əsas borc, 316.12 ABŞ dolları faiz borcu; xx.xx.2019-cu il tarixə 1701,07 ABŞ dolları əsas borc, 316,12 ABŞ dolları faiz borc, 101,12 ABŞ dolları illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu; xx.xx.2019-cu il tarixə 1701,07 ABŞ dolları əsas borc, 316,24 ABŞ dolları faiz borc, 429.99 ABŞ dolları illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum borcalanın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri olan cavabdehlərdən tələb etməkdə haqlıdır. Hazırkı iş üzrə iddiaçı 1707.14 ABŞ dolları əsas borcun, 1072.53 ABŞ dolları faiz borcunun və gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsiylə hesablanmış 462 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. Mülki iş üzrə verilmiş ekspert rəyinə əsasən, 1701,07 ABŞ dolları əsas borc, kredit müqaviləsinin bitdiyi tarixə 316.12 ABŞ dolları faiz borcu, iddia ərizəsində tələbin hesablandığı tarix kimi göstərilən xx.xx.2023-cü ilədək illik 5 faiz dərəcəsiylə 429.99 ABŞ dolları borc hesablanmışdır. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, həmin ekspert rəyinin əsassız olmasını təsdiqləyən hər hansı dəlil təqdim olunmamışdır. Belə olan halda, ekspert rəyinə əsasən, hesablanmış 1701,07 ABŞ dolları əsas borc, 316.12 ABŞ dolları müqavilə üzrə faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsiylə hesablanmış 429.99 ABŞ dolları borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə iddiaçı həmçinin 2742.55 ABŞ dolları cərimə borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdeh tərəfin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun silinməsi kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2742.55 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə borcu azaldılaraq 52.82 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50.25 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir; ekspertiza xərci olan 100 manat pulun 40 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq, 60 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1701.07 ABŞ dolları əsas, 316.12 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsiylə hesablanmış 429.99 ABŞ dolları borc və 52.82 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2500 (iki min beş yüz) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat 25 (iyirmi beş) qəpik pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 40 (qırx) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, 60 (altmış) manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar