Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1685/2025 30.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “RAVON R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 8103,8 manat məbləğində pulun, “RAVON NEXİA R3 SX” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə 389 manat məbləğində inzibati cərimə və 105 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, İddiaçınə həmin tələblə bağlı aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan iddiaçı MMC-nin adından şikayət verilərək qərardadın ləğv edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardad çıxarılması xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət, mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının e-2(102)-4252/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 6518/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət icraata qəbul edilməmiş və şikayət Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verildiyi qeyd edilən şikayət geri qaytarılmışdır. Bundan sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 şikayət verərək Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət, mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)-495/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-6518/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilərək, işə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxılması təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı MMC-nin nümayəndəsi və vəkili X1 iddia ərizəsinin və şikayətlərin məzmununa uyğun çıxış edərək iddia ərizəsinin icraata qəbul edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmiş, əlavə etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər cavabdehin sahibkar olması və sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı deyil. Sahibkarlarla iddiaçı MMC arasında müqavilələr Vergi Məcəlləsinə uyğun ayrıca qaydada bağlanılır. Cavabdeh sadə bir vətəndaş kimi nəqliyyat vasitəsinin alınması ilə bağlı iddiaçıya müraciət etmişdir. Cavabdehlə müqavilə də vətəndaşlarla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq bağlanmışdır. Ona görə də hazırkı tərəflər arasında yaranmış münasibət kommersiya deyil, mülki hüquqi münasibətidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, “RAVON Nexia R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə iddiaçı MMC-dən satın almışdır və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən nağd qaydada 800 manat ilkin ödəniş etmiş, həftədə bir dəfə olmaqla gündəlik 23 manatdan ödəməyi ilə bağlı iddiaçı MMC ilə razılığa gəlmişdir. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarının 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qərarın 15-ci bəndinə əsasən məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Qeyd edilən Qərarın 20-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia ərizəsindən görünür ki, cavabdeh avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən iddiaçı MMC-dən “RAVON Nexia R3 SX” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almış, müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmiş, həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə etibarnamə də verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də, sonradan öhdəliyini icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini şirkətə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğuna görə nəqliyyat vasitəsi cəmiyyətin servis mərkəzində yoxlanılmış və aşkar edilmiş qüsurlarla bağlı akt tərtib edilmişdir. Həmin qüsur aktına əsasən “RAVON Nexia R3 SX” minik markalı **-PE-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərizində cavabdeh həmin nəqliyyat vasitəsinə ümumilikdə 8103,8 manat məbləğində zərər vurmuşdur. Həmçinin qeyd edilən nəqliyyat vasitələrini idarə edərkən cavabdeh dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Buna görə də X3 tərəfindən cavabdeh barəsində çoxlu sayda inzibati xəta haqqında protokol tərtib edilmiş, sözügedən nəqliyyat vasitəsinin cavabdehdə olduğu dövrdə cavabdeh və onun həmin nəqliyyat vasitəsini qanunsuz olaraq idarə etmək üçün verdiyi digər şəxslər tərəfindən qeyd edilən nəqliyyat vasitəsi ilə törətdilən inzibati xətalara görə X3 tərəfindən çoxlu inzibati tənbehvermə haqqında qərar çıxarılmış, cərimələrin ümumi məbləği 389 manat məbləğində olmuşdur. Cavabdeh həmin cərimələri ödəmədiyi üçün iddiaçı MMC məcbur qalaraq həmin cərimələri ödəmişdir. İş materiallarından, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan məlum olur ki, iddiaçı hüquqi şəxs, Cavabdeh isə vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********) və fəaliyyət istiqaməti şəxsi maşınların sürücü ilə icarəsi üzrə fəaliyyətdir. İlkin vəziyyətdən belə görünür ki, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Məhkəmə hesab edir ki, həm subyekt tərkibi baxımından, həm də mübahisənin predmeti və xarakterinə görə hazırkı mübahisə kommersiya mübahisəsidir. Belə ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü ilə bağlı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, “RAVON Nexia R3 SX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə iddiaçı MMC-dən satın almışdır və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən nağd qaydada 800 manat ilkin ödəniş etmiş, həftədə bir dəfə olmaqla gündəlik 23 manatdan ödəməyi ilə bağlı iddiaçı MMC ilə razılığa gəlmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin izahatında qeyd etdiyi hallar, tərəflər arasındakı münasibətin şəxsi istehlak deyil, onların ayrı-ayrılıqda həyata keçirilən iqtisadi fəaliyyət sferasında yarandığını, hazırkı mübahisənin kommersiya hüquqi şəxsi ilə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında sahibkarlıq fəaliyyətindən irəli gəldiyini təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalı deyil və iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa, iddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər cavabdehin sahibkar olması və sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı deyil. Sahibkarlarla iddiaçı MMC arasında müqavilələr Vergi Məcəlləsinə uyğun ayrıca qaydada bağlanılır. Cavabdeh sadə bir vətəndaş kimi nəqliyyat vasitəsinin alınması ilə bağlı iddiaçıya müraciət etmişdir. Cavabdehlə müqavilə də vətəndaşlarla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq bağlanmışdır. Ona görə də hazırkı tərəflər arasında yaranmış münasibət kommersiya deyil, mülki hüquqi münasibətidir. Məhkəmə iddiaçı MMC-nin nümayəndəsinin mövqeyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müqavilənin cavabdehlə məhz vətəndaş kimi bağlanması hazırkı mübahisənin məhkəmə aidiyyətinin dəyişilməsi üçün əsas ola bilməz. Başqa sözlə, sözügedən qayda, yəni müqavilənin sahibkarlarla ayrı qaydada, vətəndaşlarla ayrı qaydada bağlanması iddiaçının özünə aid qaydadır və bu, qarşı tərəfin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. MPM-in 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.3, 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçınə həmin tələblə bağlı aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1685/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1685/2025
30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver