Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1688/2025 14.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT MMC, Cavabdeh iddiaçının xeyrinə 500 manat əsas borc, 97,50 manat faiz borcu və 302,50 manat cərimə olmaqla, cəmi 900 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumu məbləğinin əvəzi kimi 30 manat pul vəsaitinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı BOKT MMC ilə cavabdeh və ya borcalan arasında xx.xx.2023-cü il tarixli, **********002 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin xüsusi şərtlərinə və ödəniş tapşırığına əsasən iddiaçı cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilməsini, cavabdeh isə ona verilmiş 500 manat kredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə hesablanmış 97,50 manat faiz olmaqla, ümumilikdə 597,50 manat pul məbləğini xx.xx.2024-cü il tarixində qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə 500 manat əsas, 97,50 manat faiz və 302,50 manat cərimə borcu olmaqla, cəmi 900 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Odur ki, iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə nüraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin ümumi şərtlərinin 1.4-cü bəndinə görə müqavilənin şərtlərinə əsasən, verilmiş kredit məbləğinin, habelə BOKT-a qaytarılmalı olan bütün digər məbləğlərin ödənilməsi tarixi müqavilənin xüsusi şərtlərində qeyd olunur. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Həmin müqavilənin 1.16-cı bəndinə əsasən borcalan tərəfindən müqavilə üzrə həyata keçirilən ödənişin məbləği borcalanın müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmək üçün yetərli olmadıqda, borcalanın borcu aşağıdakı ardıcıllıqla ödənilir: 1) gecikmə müddəti ərzində yığılmış borclar üzrə faizlər; 2) verilmiş kreditin məbləğindən istifadə haqqı, komissiya; 3) şəraitdən asılı olaraq verilmiş kreditin məbləğinə xidmət göstərilməsi üçün məbləğ; 4) əsas borcun məbləği. Müqavilənin 2.2-ci bəndinə görə müqavilənin şərtlərinə uyğun olaraq verilmiş kredit məbləği və bütün digər məbləğləri bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmaq borcalanın öhdəlikləridir. Həmin müqavilənin 2.3-cü bəndinə görə borcalan bu müqaviləyə uyğun olaraq kredit məbləğinin ödənilməsini və bütün əlavə ödənişləri 30 təqvim günündən artıq müddətə gecikdirdikdə BOKT müqavilədən birtərəfli qaydada imtina etmək və ya 7 (yeddi) iş günündən gec olmayaraq, borcalana bu barədə yazılı bildiriş göndərməklə müqaviləyə xitam verə bilər. İş materiallarına əlavə edilmiş, 20 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********002 nömrəli kredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 500 manat əsas, 97,50 manat faiz və 302,50 manat cərimə olmaqla, 900 manat borc mövcuddur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 06 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş, xəbərdarlığı aldığı tarixdən 3 gün ərzində göstərilən borcu iddiaçıya ödəmədiyi halda aidiyyatı üzrə məhkəməyə müraciət olunaraq həmin borcun və məhkəmə xərclərinin ondan tələb ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər qanunvericiliyə uyğun olaraq istehlak krediti müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri, xidmət haqqını iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, öhdəliyini lazımınca icra etməmiş, banka olan borcunu tam qaytarmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı qanuna və müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 500 manat, faizlər üzrə 97,50 manat və cərimə üzrə 50 manat olmaqla, cəmi 647,50 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********002 nömrəli kredit müqaviləsi üzrə yaranmış 500 manat əsas borc, 97,50 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 647,50 (altı yüz qırx yeddi manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1688/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1688/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver