Məhkəmə qərarları › İş №e-2(125)-1750/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1750/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1750/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9668.64 manat əsas, 1016.71 manat faiz, cəmi 10685.35 manat pul vəsaitinin və 122,06 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3764567A207 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 24.82 faiz dərəcəsi ilə 18644.92 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2021-ci il tarixli, Z-RGTK3764567A207saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehlərin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 9668.64 manat əsas, 1016.71 manat faiz, cəmi 10685.35 manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Hər iki cavabdehlə telefon əlaqəsi saxlanılmış, onlar məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlı olduqlarını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3764567A207 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 24.82 faiz dərəcəsi ilə 18644.92 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin krediti və həmin məbləğə hesablanmış faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli kassanın məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 18644,92 manat pulu həmin sənədə imza etməklə qəbul etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilə qədər götürdüyü krediti və ona hesablanmış faizləri iddiaçı Banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 sözügedən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC qarşısında öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti Cavabdeh2 ilə bərabər olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 9668.64 manat əsas, 1016.71 manat faiz, cəmi 10685.35 manat məbləğində kredit borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 122,06 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, RGTK3764567A207 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" ASC-dən 60 ay müddətinə illik 24.82 faiz dərəcəsi ilə 18644.92 manat məbləğində kredit götürmüşdür. Kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə öhdəlik götürmüşdür. Cavabdehlər müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və nəticədə kredit müqaviləsi üzrə iddiaçı Banka 9668.64 manat əsas, 1016.71 manat faiz, cəmi 10685.35 manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsini imzalamaqla "xxxx" ASC qarşısında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcunun tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 122,06 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən 9668,64 manat məbləğində əsas borc və 1016,71 manat faiz borcu olmaqla, cəmi 10685,35 (on min altı yüz saksən beş) manat 35 qəpik məbləğində pul və iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 122,06 (bir yüz iyirmi iki) manat 06 qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar