Məhkəmə qərarları › İş №e-2(125)-1819/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1819/2022

14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1819/2022 14.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 1170 (bir min yüz yetmiş) manat məbləğində verilmiş sığorta ödənişinin və 32,10 (otuz iki manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin «Günay Sığorta” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 07 yanvar 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-2106" markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 09 aprel 2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan "VAZ-21063" markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 1170 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “VAZ-2106" markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə mülki məsuliyyətini icbari sığorta üzrə Günay Sığorta” ASC ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlamış, müqavilənin qüvvədən düşmə müddəti xx.xx.2023-cü il tarix göstərilmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə “VAZ-2106" markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulan xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli, PGU-221538 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış, Cavabdeh1 məxsus ““VAZ-2106" markalı **-EX- *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta ödənişi 1170 manat avtomaşının təmiri üçün X1 hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 133541 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin Gəncə filialına 1170 manat məbləğində sığorta ödənişi edilmişdir. AD seriyalı, 946815 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2106" markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dır. AD seriyalı, 947516 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21063" markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Nəqliyyat vasitələri barədə kompüter çıxarışından görünür ki, X3 mülkiyyətində olan “VAZ-21063" markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olan X5 adına etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hsablanması aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21063” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomaşının ehtiyat hissələrinə dəymiş zərər 420 manat, görülən işlərin qiyməti 750 manat, cəmi 1170 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC-də 07 yanvar 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-2106" markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 09 aprel 2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan " VAZ-21063" markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə DYPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh2 barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Nəticədə "xxxx" ASC tərəfindən zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 1170 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. İddiaçı zərərin əvəzini ödənilməsini hər iki cavabdehdən tələb edə bilər. Çünki Cavabdeh1 ona məxsus avtomobili Cavabdeh2 qanuni əsaslar olmadan, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsə etibarnamə əsasında vermədiyindən, həmin avtomobil qanuni əsaslar olmadan Cavabdeh2 sahibliyində olduğundan və onun bilavasitə hərəkətləri ilə üçüncü şəxslərə zərər vurulduğundan zərərin əvəzini ödəmək vəzifəsi qanuni əsaslar olmadan sahiblik edən Cavabdeh2 və avtomobilin mülkiyyətçisi Cavabdeh1 öhdəsinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1170 (bir min yüz yetmiş) manat sığorta ödənişi tutulmalıdır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 32,10 (otuz iki manat on qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişinin əvəzi olaraq 1170 (bir min yüz yetmiş) manat və məhkəmə xərci qismində 32,10 (otuz iki manat on qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar