Məhkəmə qərarları › İş №e-2(125)-1910/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1910/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1910/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2023-cü il tarixli RGTK2998025B206 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 6594,44 manat, faiz borcu üzrə 493,91 manat, cəmi 7088,35 manat pul vəsaitinin və 90,88 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK2998025B206 nömrəli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana gündəlik tələbat məqsədi ilə 83 ay müddətinə illik 16 faiz dərəcəsi ilə ödəmək şərtilə 6594,44 manat məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2030-cu il tarixədək hər ay 131,84 manat, sonuncu ay 135,64 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2024-cü il tarixə Banka 6594,44 manat, faiz borcu üzrə 493,91 manat, cəmi 7088,35 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək izahatında bildirdi ki, cavabdehin anasıdır, qızı, yəni cavabdeh xəstədir, işləyə bilmir, cavabdehin 2 uşağı var, cavabdeh krediti uşağının Türkiyədə oxuması ilə əlaqədar götürmüşdür, hazırda o, ikinci kursda oxuyur, digər uşağı isə əsgərlikdədir, borcun məbləği ilə razıdır. Cavabdehin nümayəndəsi təqaüd aldığını qeyd edərək tələbin onun təqaüdünə yönəlməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilə və əlavəyə görə Bank borcalana yuxarıda qeyd edilən məbləğdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.6-cı bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq xidmət haqqı və dəbbə pulunun, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 3.1.4.1 və 3.1.4.2-ci bəndlərinə əsasən Borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda; Borcalan tərəfindən faizlərin yaxud onların bir hissəsinin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda Kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin xx.xx.2024-cü il tarixə Banka xx.xx.2023-cü il tarixli RGTK2998025B206 nömrəli kredit müqaviləsi üzrə 6594,44 manat əsas, 493,91 manat faiz olmaqla, cəmi 7088,35 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bank tərəfindən cavabdehə xx.xx.2023cü il tarixli RGTK2998025B206 nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və gecikdirilmiş borcun 3 (üç) təqvim günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək, əsas və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, cavabdehin nümayəndəsi cavabdehin bankdan pul vəsaitini götürdüyünü, tələb edilən məbləğdə borcun olmasını etiraf etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçı müqavilənin şərtlərinə istinad edərək cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 90,88 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK2998025B206 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6594,44 manat əsas borc və 493,91 manat faiz borcu olmaqla, cəmi 7088,35 (yeddi min səksən səkkiz manat otuz beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90,88 (doxsan manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar