Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-192/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada LPO "xxxx" ASC-nin xeyrinə 4695,31 manat məbləğində əsas, 5695,95 manat faiz, 3479,84 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 682,50 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 133,66 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, "xxxx" ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 005206 nömrəli, xx.xx.2017-ci il tarixli Bank Xidmətləri müqaviləsinə və həmin müqavilə üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, KM007T08170093 nömrəli, 5 saylı Əlavəyə, kassa məxaric orderinə və hesabdan çıxarışa əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. Borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələri banka ödəməyi, öhdəsinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bankla Cavabdeh1 (zamin) arasında ZM1/007T08170093 nömrəli, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanın Bank qarşısında xx.xx.2017-ci il tarixli Bank Xidmətləri müqaviləsinin xx.xx.2017-ci il tarixli, KM007T08170093 nömrəli, 5 saylı Əlavəsi üzrə öhdəliyinin yerinə yetirilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********883 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 14553,60 manat təşkil edir. Bundan 4695,31 manat əsas, 5695,95 manat faiz, 3479,84 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 682,50 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, kredit müqaviləsi üzrə Cavabdeh2 5000 manat məbləğində borc verilmişdir, sonradan onun borcu restrukturizasiya olunmuş, lakin borc yenə də ödənilməmişdir. Daha sonra bu borc üzrə müvafiq kompensasiya ödənilmişdir. Həmçinin, problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görülmüş, lakin borcalan sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etməmiş, yeni müqavilə bağlanmamışdır. Digər Cavabdeh1 ilə isə əlaqə yaratmaq mümkün olmamışdır. Ona görə də hazırda cavabdehlərin banka olan əsas borcu 4695,31 manat təşkil edir. Nümayəndə həmçinin, ekspertin rəyində göstərilənləri məhkəmənin mülahizəsinə buraxdığını bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadıqlarından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onların sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehlərə təqdim etməsi üçün bildirişlər göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən 005206 nömrəli, xx.xx.2017-ci il tarixli Bank Xidmətləri müqaviləsi, həmin müqavilə üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, KM007T08170093 nömrəli, 5 saylı Əlavə, ödəniş cədvəli barədə müqaviləyə əlavə, eləcə də borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə bankla zamin arasında xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında müqavilələrin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilələrə, müvafiq ödəniş cədvəlinə görə 005206 nömrəli, xx.xx.2017-ci il tarixli Bank Xidmətləri müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, KM007T08170093 nömrəli, 5 saylı Əlavə üzrə Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermiş, cavabdehlər müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələri banka ödəməyi, öhdələrinə götürmüşlər. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixinə banka 4695,31 manat əsas, 5695,95 manat faiz, 3479,84 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra hesablanmış 682,50 manat faiz borcu olmaqla, cəmi 14553,60 manat məbləğində borcu vardır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/8502 nömrəli, 27 noyabr 2023-cü il tarixli rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 31 avqust 2017-ci il tarixdə bağlanmış 005206 nömrəli Bank Xidmətləri Müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh2 ləğv prosesində olan "xxxx" ASC-yə olan borcu xx.xx.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 8477,53 manat, o cümlədən əsas borcu 4699,44 manat, faiz borcu 3778,09 manat məbləğində, xx.xx.2023-cü il tarixə (sualda göstərilən iddia tələbinin tarixinə) 9179,18 manat, o cümlədən əsas borcu 4699,44 manat, faiz borcu 3778,09 manat, illik 5 faiz hesablamaqla 701,65 manat məbləğində müəyyən edilmişdir. Lakin mülki iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışdan görünür ki, Cavabdeh2 ləğv prosesində olan "xxxx" ASC-yə borcu 4695,31 manat təşkil edir və həmin məbləğin restrukturizasiya olunması təklif edilir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı: Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Bankın nümayəndəsi problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman qəbul edildikdən sonra Bank tərəfindən müvafiq tədbirlər görüldüyünü, borclunun sözügedən kredit müqaviləsinin restrukturizasiya olunması üçün müraciət etmədiyini, yeni müqavilə bağlanmadığını qeyd etmişdir. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borcalana belə bir təklif göndərməsini və borcalanın həmin təklifin qəbulundan imtina etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin qeyd edilən Fərmanı ilə kredit borcunu ödəməkdə vətəndaşlara dövlət tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur. Borcalanın kredit borcunun restrukturizasiya edilməməsinin məhz onun təqsiri ucbatından baş verməsi barədə mülki işin materiallarında hər hansı sübut yoxdur. Digər tərəfdən, məhkəmə məhz bu halı nəzərə alaraq borcalandan qalıq əsas borcun tutulması barədə qənaətə gəlmişdir. Əks halda, yəni Fərmanla müəyyən edilmiş müddət ərzində problemli kreditin restrukturizasiyası ümumiyyətlə hazırkı işin məhkəmədə baxılması imkanını aradan qaldırmış olardı. Fərmanla Azərbaycan Respublikasının Mərkəzi Bankına həmin Fərmanın təsir dairəsinə düşən kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi) məqsədilə banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi tövsiyə edilmişdir. Eyni zamanda, Fərmanın 6.3-cü bəndi ilə banklara və bank olmayan kredit təşkilatlarına tövsiyə edilmişdir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1); vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını (məhkəmələrdə olan iddialardan imtina edilməsini) təmin edən tədbirlər görsünlər (6.2). İşə baxılarkən mübahisəli kredit müqaviləsinin Fərmanın təsiri altına düşdüyü müəyyən edilmiş, bu barədə mübahisə olmamışdır. İddiaçı dövlətin problemli kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə Fərmanda nəzərdə tutulan təklifi qəbul etdiyi üçün Fərmanda irəli sürülən tövsiyələrin icrası, o cümlədən, vaxtı keçmiş kredit borcu üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi də həmin Bank üçün məcburi olmuşdur. Həmçinin, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanından görünür ki, həmin Fərmanın başlıca məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Beləliklə, ekspertin rəyi və iddia tələbinin həddi də nəzərə alınmaqla işdə olan sübutlarla borcalanın bankla bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borcalanın banka yalnız əsas borc qismində 4695 manat 31 qəpik borcu yarandığı təsdiq olunur. Məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə iddia tələbi problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda qeyd olunan və hazırki iş üzrə ekspert rəyi ilə məbləği dəqiq müəyyən edilən əsas borc tələb edilən həddə borcalandan bankın xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, borcalandan əlavə olaraq 5695,95 manat faiz, 3479,84 manat cərimə və gecikdirilmiş vaxt üçün 682,50 manat məbləğində borcun tələb edilməsi Fərmana ziddir. Belə ki, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, sözügedən Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuşdur, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərilərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməlidirlər. Fərmanın müddəalarının tətbiq edilməsi nəticəsində vətəndaşın əsas borcu azaldıldığı və qalıq borcu 4695,31 manat olması müəyyən edildiyi halda, Bank tərəfindən həmin borca dair yenidən faiz və cərimə hesablanaraq, borcludan 5695,95 manat faiz, 3479,84 manat cərimə və gecikdirilmiş vaxt üçün 682,50 manat tələb edilməsi ağlabatan deyildir. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdehə Cavabdeh1 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni əsas öhdəliyin icrası vaxtının başa çatdığı xx.xx.2020-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1 aid hissədə iddia rədd olunmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 66,95 manat məbləğində pul vəsaiti Cavabdeh2 bankın xeyrinə tutulmalı, eyni zamanda 100 manat ekspertiza xərci Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4695,31 (dörd min altı yüz doxsan beş manat otuz bir qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66,95 (altmış altı manat doxsan beş qəpik) manat pul vəsaiti tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci 100 (bir yüz) manat Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-192/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-192/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver