Məhkəmə qərarları › İş №e-2(125)-1977/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1977/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1977/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 19167 manat əsas borc, 177.5 manat faiz borcu, 113 manat dəbbə borcu olmaqla ümumilikdə cəmi 19457.50 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 149 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB MMC-nin xx.xx.2024 tarixli STK01- 2651 saylı, 19200 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh həmin kredit müqaviləsinin şərtlərinə əməl etməyərək müqavilə üzrə ödənişləri etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişlər Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, sözügedən müqavilə əsasında avtomaşın aldığını və avtomaşına görə 11000 manat pul ödədiyini bildirmiş, məhkəmənin sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli STK01-2651 saylı kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı MMC tərəfindən Cavabdeh 24 ay müddədinə illik 54 faiz dərəcəsi ilə 19200 manat məbləğində kreditin verilməsi barədə bağlanmışdır. Mülki işin materiallarında olan, İddiaçı MMC-yə məxsus olan xx.xx.2024 tarixli 817723 saylı kassa məxaric orderinin surətindən müəyyən edilir ki, həmin tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh 19200 manat məbləğində pul verilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş həmin sübutlarla işin faktiki halı kimi təsdiq olunur ki, xx.xx.2024 tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh 19200 manat məbləğində borc pul verilmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2024 tarixli STK01- 2651 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə 19167 manat əsas borc, 177.5 manat faiz borcu, 113 manat dəbbə borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli STK01- 2651 saylı müqaviləyə əsasən Cavabdeh 19200 manat məbləğində kredit verilmişdir. Hazırda həmin kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 19167 manat əsas borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən məhkəmə belə qərara gəlir ki, iddianın əsas borcun qaytarılması tələbi hissəsinin təmin edilməsi üçün qanuni əsaslar mövcuddur, ona görə də iddia 19167 manat məbləğində əsas borcun Cavabdeh alınıb, İddiaçı MMC-yə ödənilməsi tələbi hissədə təmin edilməlidir. Müqavilə üzrə faizlərin ödənilməsi hissələrdə məhkəmə iddia tələbini əsaslı saymır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.10-cu maddəsinin müəyyən etdiyi qaydalara görə, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Baxılan işdə İddiaçı MMC-nin gəlir əldə etmək məqsədilə kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik olduğu barədə heç bir sübut yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024 tarixli kredit müqaviləsi faizlərin ödənilməsi ilə şərtləndirilmiş olsa da belə, faizlərin ödənilməsi gəlir əldə etmək məqsədi ilə nəzərdə tutulduğundan, iddia edilən faizlərin ödənilməsi üşün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2024 tarixli kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasına dair iddia ərizəsi qismən əsaslı olduğundan təmin edilməli, xx.xx.2024 tarixli kredit müqaviləsinə əsasən 19167 manat əsas borc Cavabdeh alınıb, İddiaçı MMC-nin hesabına ödənilməlidir. Faizlərin ödənilməsi tələbi hissələrdə iddia əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, işdə olan 13 fevral 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 149 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 149 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən yaranan 19167 (on doqquz min bir yüz altmış yeddi) manat məbləğində əsas borc və İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149 (bir yüz qırx doqquz) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı MMC-nin hesabına ödənilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar