Məhkəmə qərarları › İş №e-2(125)-2006/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2006/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2006/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh4 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 01 may 2019-cu il tarixli, ***- *******MK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.286 manat 11 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.005 manat 71 qəpik, cərimə qismində 9 manat 27 qəpik, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 224 manat 48 qəpik, cəmi 5.525 manat 57 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 manat 26 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan 2 ədəd cəmi çəkisi 13.30 qram təşkil edən boyunbağıya, 3 ədəd cəmi çəkisi 17 qram təşkil edən qolbağa, 2 ədəd cəmi çəkisi 4.80 qram təşkil edən üzükə, 2 ədəd cəmi çəkisi 10.10 qram təşkil edən üzükə, 4 ədəd cəmi çəkisi 13.60 qram təşkil edən sırğaya və 2 ədəd cəmi çəkisi 1.90 qram təşkil edən kulona yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, həmin əmlakların satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi T.İ.Abdinov məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin «Gəncə» filialı ilə Cavabdeh4 arasında bağlanmış 01 may 2019-cu il tarixli, ***-*******MK010519-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə kreditdən istifadəyə görə illik 27% əlavə ödəmək şərtilə, 24 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 01 may 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa, Cavabdeh4 kredit öhdəliyinin əlavə təminatı məqsədi ilə tərəflər arasında 01 may 2019-cu il tarixdə girov müqaviləsi bağlanmış və Cavabdeh4 mülkiyyətində olan 2 ədəd cəmi çəkisi 13.30 qram təşkil edən boyunbağı, 3 ədəd cəmi çəkisi 17 qram təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 4.80 qram təşkil edən üzük, 2 ədəd cəmi çəkisi 10.10 qram təşkil edən üzük, 4 ədəd cəmi çəkisi 13.60 qram təşkil edən sırğa və 2 ədəd cəmi çəkisi 1.90 qram təşkil edən kulon girov qoyulmuşdur. Lakin Cavabdeh4 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 09 sentyabr 2022-ci il tarixədək Cavabdeh4 iddiaçı Banka 01 may 2019-cu il tarixli, ***- *******MK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.286 manat 11 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.005 manat 71 qəpik, cərimə qismində 9 manat 27 qəpik, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 224 manat 48 qəpik, cəmi 5.525 manat 57 qəpik olmaqla borcu vardır. Cavabdehlərə borcun ödənilməsinə dair bildiriş göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda T.İ.Abdinov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı tam həcmdə etiraf etdiyini, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh4 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 may 2019-cu il tarixli, ***-*******MK010519-01 nömrəli kredit müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh4 kreditdən istifadəyə görə illik 27% borc faizləri ödəməsi şərtilə, 24 ay müddətinə 6.000 manat məbləğində kredit vermişdir. İşdə olan ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 3.286 manat 11 qəpik, 09 sentyabr 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.005 manat 71 qəpik, cərimə qismində 9 manat 27 qəpik, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 224 manat 48 qəpik, cəmi 5.525 manat 57 qəpik təşkil edir. İş materiallarında olan 01 may 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh4 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətindən 01 may 2019-cu il tarixdə 5.910 manat məbləğində pul vəsaitini almışdır. İşdə olan 01 may 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cəfərov X2 Vüsal Xasay oğlu ilə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Mülki işdə olan 01 may 2019-cu il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh4 eyni tarixli, ***-*******MK010519-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətindəki 2 ədəd cəmi çəkisi 13.30 qram təşkil edən boyunbağı, 3 ədəd cəmi çəkisi 17 qram təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 4.80 qram təşkil edən üzük, 2 ədəd cəmi çəkisi 10.10 qram təşkil edən üzük, 4 ədəd cəmi çəkisi 13.60 qram təşkil edən sırğa və 2 ədəd cəmi çəkisi 1.90 qram təşkil edən kulon Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh4 iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh4 tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Konatitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh4 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 3.286 manat 11 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.005 manat 71 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti zaminlərə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 01 may 2021-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid hissədə iddia rədd olunmalı, Cavabdeh4 01 may 2019-cu il tarixli, ***- *******MK010519-01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 3.286 manat 11 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.005 manat 71 qəpik, cərimə qismində 9 manat 27 qəpik, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 224 manat 48 qəpik, cəmi 5.525 manat 57 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli və həmin əmlak ixitsaslaşdırılmış açıq hərracdan satılmaqla, cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, girov qoyulmuş qızıl-zinət əşyalarının satışından əldə edilmiş vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə Cavabdeh4 qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra edilməsi hissəsində ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası, hazırki iddia ilə əhatə olunduğuna görə və həmin hissədə qərar məhkəmə qətnaməsinin icrası qaydasında icra məmurları tərəfindən həyata keçirilməli olduğuna görə, qeyd edilən hissədə iddia üzrə əlavə qərar çıxarılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 manat 26 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh4 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh4 iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 01 may 2019-cu il tarixli, ***-*******MK010519-01 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.286 (üç min iki yüz səksən altı) manat 11 (on bir) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.005 (iki min beş) manat 71 (yetmiş bir) qəpik, cərimə qismində 9 (doqquz) manat 27 (iyirmi yeddi) qəpik, əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 224 (iki yüz iyirmi dörd) manat 48 (qırx səkkiz) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 (yetmiş beş) manat 26 (iyirmi altı) qəpik, cəmi 5.600 (beş min altı yüz) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma girov predmeti olan, Cavabdeh4 məxsus 2 ədəd cəmi çəkisi 13.30 qram təşkil edən boyunbağı, 3 ədəd cəmi çəkisi 17 qram təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 4.80 qram təşkil edən üzük, 2 ədəd cəmi çəkisi 10.10 qram təşkil edən üzük, 4 ədəd cəmi çəkisi 13.60 qram təşkil edən sırğa, 2 ədəd cəmi çəkisi 1.90 qram təşkil edən kulondan ibarət olan qızıl-zinət əşyalarına yönəldilsin. İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar