Məhkəmə qərarları › İş №e-2(125)-2011/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2011/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2011/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 31 may 2020-ci il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.104 manat 68 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 qəpik 46 qəpik, cəmi 1.137 manat 03 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti ilə X5 arasında bağlanmış 31 may 2020-ci il tarixli, BPM**********55 nömrəli müqaviləsinə əsasən S.H.Əzizova 20 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 1.600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir ki, X5 bu müqavilə ilə müəyyən edilmiş müddətdə istifadə etdiyi kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 10 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. S.H.Əzizovdan qalan mirası Cavabdeh qəbul etmişdir. Cavabdeh X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 31 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.104 manat 68 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 46 qəpik, cəmi 1.137 manat 03 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işdə olan 31 may 2020-ci il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti X4, illik 24% borc faizləri ödəməsi şərtilə, 20 ay müddətinə 1.600 manat məbləğində kredit vermişdir. İş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin 31 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, X5 ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış 31 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən S.H.Əzizovun «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətin borcu ödənilməmiş əsas borcun əvəzi qismində 1.104 manat 68 qəpik, 06 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 qəpik, cəmi 1.105 manat 57 qəpik təşkil edir. İşdə olan AZ-İİ seriyalı, 142186 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 yanvar 2021-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan 26 iyul 2021-ci il taixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 yanvar 2021-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdır və o mirasdan tam həcmdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli, AD681809 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan X4 məxsus ban nömrəsi XTA210110C3966267, mühərrikin nömrəsi 2***-******* və buraxılış ili 1981-ci il olan «VAZ 21013» markalı, ** CF *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Beləliklə, işdə olan sübutlarla S.H.Əzizovun «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə 31 may 2020-ci il tarixli, BPM**********55 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.104 manat 68 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 qəpik məbləğində borcunun yarandığı, S.H.Əzizovun ölümündən sonra həmin şəxsə məxsus əmlakın Cavabdeh tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum S.H.Əzizovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdeh mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 31 may 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, 31 may 2020-ci il tarixli, BPM**********55 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.104 manat 68 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 qəpik, cəmi 1.105 manat 57 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 31 qəpik 46 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin xeyrinə 31 may 2020-ci il tarixli, BPM**********55 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.104 (bir min yüz dörd) manat 68 (altmış səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 89 (səksən doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 46 (qırx altı) qəpik, cəmi 1.137 (bir min yüz otuz yeddi) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar