Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2025/2023 05.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borcalan X2 vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 2669,17 manat əsas borcun və ödənilmiş 46,70 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Gəncə filialı ilə mərhum X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 18 %-lə 24 ay müddətinə 3000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olmuşdur ki, X1 qalmış mirası Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qəbul etmişlər. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş 2669,17 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək izahatında göstərdi ki, Cavabdeh1 anası, digər Cavabdeh2 isə bacısıdır. Mərhum atası X1 1 ədəd su maşını və 1 ədəd Mercedes markalı avtomaşın miras qalmışdır. Mercedes markalı avtomaşını 5000 manata satdıqlarını, banka olan borclarını isə hissə-hissə ödəməyə etirazlarının olmadığını bildirdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə islasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə isclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2020-ci il tarixli, BPM**********89 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış tam kart çərçivə müqaviləsinə əsasən X3 iddiaçı tərəfindən istehlak məqsədi üçün 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, X4 2970 manat pulu qəbul etmişdir. AZ-İİ 095769 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə ölmüşdür. Maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, BPM**********89 nömrəli müqavilə üzrə ödənilməmiş 2669,17 manat əsas borcu vardır. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-1682 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 miras qalmış ZİL 130 ASPT 4,1 xüsusi markalı 20CB034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən hər biri bərabər hissədə irs almışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, X2 vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, BPM**********89 nömrəli müqavilə üzrə 2669,17 (iki min altı yüz altmış doqquz manat 17 qəpik) manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 46,70 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, BPM**********89 nömrəli müqavilə üzrə 2669,17 (iki min altı yüz altmış doqquz manat 17 qəpik) manat kredit borcu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 46,70 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2025/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2025/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver