Məhkəmə qərarları › İş №e-2(125)-2043/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2043/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2043/2024 14.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə əsas borc üzrə 1040,39 manat, faiz borcu üzrə 13,47 manat olmaqla, cəmi 1053,86 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30,54 manat və xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC (Bank) ilə Rüstəmov Nizami Bayram oğlu (borcalan) arasında bağlanmış BPM**********70 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana 44 ay müddətinə illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə 2780 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında borcalan xx.xx.2023-cü il tarixinədək hər ay 89,7 manat, sonuncu ay isə 86,95 manat ödəməli idi. X1 Bayram oğlu 24 iyul 2022-ci il tarixdə “plevranın mezotelioması” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin borcalan xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmış və hazırki iş üzrə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, borcalanın banka ödənilməmiş 1040,39 manat əsas, 13,47 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında qeyd etdi ki, iki ilə yaxındır ki, əri Rüstəmov Nizami Bayram oğlu vəfat etmişdir, onun vərəsəsidir, şəkər xəstəsi olduğundan işləyə bilmir, gəliri yoxdur, buna görə də borcun aylara bölünərək hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş edir. Məhkəmə, cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, bankla borcalan arasında yuxarıda qeyd edilən müqavilə, “kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli” barədə kredit müqaviləsinə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilənin 3.9.7-ci bəndinə əsasən borcalan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə bank kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borcalandan tələb edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu – 1040,39 manat, faiz borcu 13,47 manat olmaqla, cəmi borcu 1053,86 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş Rüstəmov Nizami Bayram oğlunun vərəsəsi arvadı – Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AD968514 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan Rüstəmov Nizami Bayram oğluna məxsus ban nömrəsi 443669-B-SıZ, mühərrikin nömrəsi nömrəsiz və buraxılış ili 1993-cü il olan KAMAZ 6520 yük markalı, ** EX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum əri Rüstəmov Nizami Bayram oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı - Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AD968514 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan Rüstəmov Nizami Bayram oğluna məxsus ban nömrəsi 443669-B-SıZ, mühərrikin nömrəsi nömrəsiz və buraxılış ili 1993-cü il olan KAMAZ 6520 yük markalı, ** EX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarət əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (1053,86 manatdan) yüksək olması mübahisə doğurmadığından, iddiaçı, mərhum Rüstəmov Nizami Bayram oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim edilməmişdir. Əksinə, borcalan mərhum ərinin bankdan sözügedən pul vəsaitini götürdüyünü, tələb edilən məbləğdə borcunun olmasını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 1040,39 manat əsas, 13,47 manat faiz borcu olmaqla, ümumilikdə 1053,86 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,54 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********70 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1040,39 manat əsas borc və 13,47 manat faiz borcu olmaqla, cəmi 1053,86 (bir min əlli üç manat, səksən altı qəpik) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,94 (otuz manat, doxsan dörd qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar