Məhkəmə qərarları › İş №e-2(125)-2111/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2111/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2111/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi,vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22000 manat borcun və dövlət rüsmu olaraq ödənilmiş 156 manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 330 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı Cavabdeh 22000 manat miqdarında borc pul vermişdir. Bu barədə onların, yəni İddiaçı ilə Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə Gəncə şəhəri 3 saylı notariat ofisində təsdiqlənərək müqavilə bağlanmışdır. Cavabdeh 22000 manat borc məbləğini xx.xx.2023-cü il tarixədək pulun qaytaracağına öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan iddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etməyinə baxmayaraq o, öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bundan başqa Cavabdeh pretenziya qaydasında bildiriş göndərilmişdir və iddia ərizəsinə qəbzlə birlikdə əlavə olunur. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkili Nümayəndə1 iştirak etmiş, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi, vəkili Nümayəndə2 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, məhkəməyə verilmiş iddia ərizəsi ilə razı deyillər. Belə ki, tələb olunan məbləğ tamamilə əsassızdır. Tərəflər arasında borc müqaviləsi olsa da, həmin məbəğdə pul vəsaiti cavabdehə verilməmişdir. İddiaçı öz qanunsuz əməllərini pərdələmək məqsədi ilə cavabdehlə formal borc müqaviləsi bağlamışdır. Cavabdeh nə müqaviləyə, nə də məxaric orderinə imza etməmiş və həmin pulu almamışdır. Qeyd olunan məbləğ iddiaçı tərəfindən sələm üstü kimi şişirdilmiş məbləğdir. Cavabdeh həmin pulu iddiaçıdan almamışdır. Belə olan halda əldə olunmuş razılıq əqdin etbarsızlığını ehtiva edir. Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Sonda iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri 3 saylı notariat ofisində bağlanmış, xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində borc pul vermişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və notarius tərəfindən təsdiq edilmiş borc müqaviləsini işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edir və göstərir ki, işin müəyyən edilən hallarına görə, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan 22000 manat məbləğində borc almış, lakin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Cavabdehin iddiaçıdan 22000 manat məbləğində borc pul alması notarius tərəfindən təsdiq edilmiş borc müqaviləsi ilə təsdiq olunduğundan, məhkəmə həmin məbləğdə borcun cavabdehə verilmədiyi barədə cavabdehin nümayəndəsinin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 156 manat məbləğində dövlət rüsumu və nümayəndə olan vəkil Nümayəndə1 hesabına 330 manat məbləğində pul ödəmişdir. Məhkəmədə iddiaçını onun nümayəndəsi vəkil Nümayəndə1 təmsil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən, ödənilmiş 156 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində pul və dövlət rüsmu olaraq ödənilmiş 156 (yüz əlli altı) manat, eləcə də vəkilə xidmət haqqı kimi ödənilən 330(üç yüz otuz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar