Məhkəmə qərarları › İş №e-2(125)-2116/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2116/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2116/2022 03.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı 19 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.404 manat 69 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.171 manat 20 qəpik, cərimə qismində 3.654 manat 37 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 280 manat, cəmi 6.510 manat 26 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 85 manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı 19 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.404 manat 69 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.171 manat 20 qəpik, cərimə qismində 3.654 manat 37 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu qismində 280 manat, cəmi 6.510 manat 26 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 85 manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi R.M.Hüseynov iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında 19 mart 2015-ci il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə illik 25% ödəmək şərtilə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bank arasında bağlanmış 19 mart 2015-ci il tarixli ZM-210008969 saylı zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. 19 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 17 mart 2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti qarşısındaki kredit öhdəliyinin qalığı 3.694 manat 84 qəpik müəyyən edilmiş, restrukturizasiya olunmuş kreditin müddəti 17 sentyabr 2018-ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh1 müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə 19 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.404 manat 69 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.171 manat 20 qəpik, cərimə qismində 3.654 manat 37 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu qismində 280 manat, cəmi 6.510 manat 26 qəpik məbləğində borcu yaranmışdır. Sonda R.M.Hüseynov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 mart 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar tərəfindən 12 ay müddətinə illik 25% ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. İşdə olan 19 mart 2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 mart 2017-ci il tarixli ********* saylı əlavə sazişdən görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti qarşısındaki kredit öhdəliyinin qalığı 3.694 manat 84 qəpik müəyyən edilmiş, restrukturizasiya olunmuş kreditin müddəti 17 sentyabr 2018-ci il tarixədək uzadılmışdır. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 18 iyul 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1la İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 19 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 borcu əsas borc qismində 1.404 manat 69 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.171 manat 20 qəpik, cərimə qismində 3.654 manat 37 qəpik, cəmi 6.510 manat 26 qəpik məbləğində təşkil edir. İşdə olan 19 mart 2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 19 mart 2015-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətindən 5.000 manat məbləğində pul vəsaitini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 3.654 manat 37 qəpik təşkil edən cərimə məbləğinin 150 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Konatitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.404 manat 69 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.171 manat 20 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin İddiaçı açıq səhmdar cəmiyyəti zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 17 sentyabr 2018-ci il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalı, Cavabdeh1 19 mart 2015-ci il tarixli, ********* kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 1.404 manat 69 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.171 manat 20 qəpik, cərimə qismində 150 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu qismində 280 manat, cəmi 3.005 manat 89 qəpik məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul tələbinə dair hissəsidə qismən təmin edilməlidir. Belə ki, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 19 mart 2015-ci il tarixli, ********* kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.404 (bir min dörd yüz dörd) manat 69 (altmış doqquz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.171 (bir min yüz yetmiş bir) manat 20 (iyirmi) qəpik, cərimə qismində 150 (bir yüz əlli) manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu qismində 280 (iki yüz səksən) manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat, cəmi 3.055 (üç min əlli beş) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar